“Son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in kamerunlu futbolçusu Julien Ebah deyib.
Gəncə təmsilçisi cari mövsümün son turu çərçivəsində bu gün öz meydanında “İnter”lə qarşılaşacaq.
Klubun rəsmi saytına danışan Ebah paytaxt təmsilçisi ilə keçiriləcək matç barədə fikirlərini bildirib: “Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacağam. Son oyunlarda yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün də qələbə qazanmalıyıq”.
“Kəpəz”in qapıçısı Davud Kərimi də “İnter”lə baş tutacaq görüş haqda danışıb: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub, qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdı. Çempionatda beşinci yeri tutmaq imkanımız var, bunun üçün “İnter”ə qalib gəlməliyik. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.
Qeyd edək ki, “Kəpəz” – “İnter” qarşılaşması saat 16:00-da start götürəcək.