[b]“Futbolçunu cümə gətirib, şənbə oyuna buraxır və qol gözləyirsiniz”[/b]
29.04.2017 - 23:00
[b]“Futbolçunu cümə gətirib, şənbə oyuna buraxır və qol gözləyirsiniz”[/b]

“Qarabağ”la oyunda məğlub olaraq mövsümü 7-ci pillədə başa vuran “Neftçi”nin müdafiəçisi Pavel Dreksa matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Məğlubiyyətə izah verəcək xüsusi bir səbəbiniz varmı?

- “Qarabağ” bizdən yaxşı oynadı, ona görə də onlar qələbə qazandı. Məğlub olmağımızın yeganə səbəbi budur.

 

- Medafiə xəttində birgə çıxış etdiyiniz Ruslan Abışovun bu cür səhvə yol verməsi sizi üzmədi?

- Bu, futboldu, belə şeylər çox olur. Ümumiyyətlə, futbolda qolların əksəriyyəti hansısa futbolçunun səhvindən sonra vurulur. Bu da həmin qollardan biri idi. Amma oyunun taleyini bu qolun həll etdiyini deməzdim.

 

- 90 dəqiqənin tez başa çatmasını arzulamırdınız?

- Yox. Yaxşı oyun nümayiş etdirə bilmədik. Amma biz peşəkarıq, son oyun və nəticənin heç nəyi dəyişməyəcəyi bəlli olsa da, konsentrasiyamızı pozmamağa çalışdıq. Final fiti üçün darıxmırdıq. İşimizi sona qədər yerinə yetirməyə çalışdıq.

 

- Əvvəlki oyunlarda fan-klublar komandanı yalnız buraxmırdı. Amma bu dəfə onlar oyunu boykot etdilər. Üzülmədiniz?

- Fikir verdim ki, əvvəlki oyunlarda fan-klublarımızın əyləşdiyi tribunalar boş idi. Təbii ki, bu yaxşı hal deyil. Azarkeşlərin az olması mənfi haldı.

 

- Amma azarkeşlər də komandasından uğurlu nəticə istəyir. Hazırkı məqamda onları haqlı sayırsınızmı?

- Əminliklə bir söz deyə bilmərəm.  Ola bilsin, onlar haqlıdılar. Amma bizim son oyunlardakı nəticələrimiz ürəkaçan deyil.

 

- Özünüz üçün analiz aparmısınızmı, niyə komanda istənilən nəticəni əldə edə bilmədi?

- Mövsümün ikinci yarısı başladıqdan sonra ardıcıl 5 oyunu yaxşı keçirdik. Qırılma nöqtəsi “Qarabağ”la ölkə kubokunun yarımfinal mərhələsində keçirdiyimiz matçlar oldu. Bundan sonra nəticələrimiz istədiyimiz kimi alınmadı.

 

- Özünüzü “Neftçi”də necə hiss edirsiniz?

- Azərbaycanda ilk mövsümümdü. Yeni futbolçularla birgə oynamalı, yeni atmosferə uyğunlaşmalı oldum. “Neftçi”də hər şey məni qane edir, yalnız nəticəni yoxdu.

 

- Artıq rəqiblərin hamısını tanıyırsız. Növbəti mövsüm bu “Neftçi” uğur qazana biləcəkmi?

- Yüksək yerlər uğrunda mübarizə apara bilərik. Legioner və yerli futbolçuların əksəriyyəti komandaya qışdan sonra qoşuldu. Demək olar, bir-birimizi tanımırdıq. Futbolçunu cümə gətirib, şənbə günü meydana buraxır və qollar gözləyirsiniz. Bu yanaşma düzgün deyil. Müəyyən vaxta ehtiyac var. Mövsümün ikinci yarısında bu qədər xal qazana bildiksə, növbəti il daha artığını edəcəyik.

 

- Elxan Abdullayevin rəhbərliyi altında oynamaq istəyirsiniz?

- Əlbəttə. Sualınızı tam anlamadım. Nəyi nəzərdə tutursunuz? Bu haqda qərarı klub rəhbərliyi verir, baş məşqçini onlar təyin edir. Amma onunla işləmək rahatdı. Çexiyada və Avropada rəhbərliyi altında işləyəcəyin məşqçiyə hər zaman hörmətlə yanaşmaq gərəkir.

 

- Növbəti mövsümdə 10 komandanın iştirakı gözlənilir. Bu sizin xeyrinizə olacaq, ya əksinə?

- 10 komandanın iştirakı müsbət haldı. Komandaların sayı az olduqda, oyunların sayı da az olur. Biz qışdan sonra çempionatda cəmi 14 oyun keçirdik. Komandaların sayının çox olması işimizi çətinləşdirməyəcək.

 

- Avrokuboklarda bizim klublara azarkeşlik edəcəksiniz?

- Çex klublarına qarşı oynamasalar, əlbəttə, dəstəkləyəcəm.

0