[b]Maksim Medvedev: Mənə qarşı kobud oynayırdı, çalışırdı vursun – MÜSAHİBƏ[/b]
30.04.2017 - 00:00
[b]Maksim Medvedev: Mənə qarşı kobud oynayırdı, çalışırdı vursun – MÜSAHİBƏ[/b]

Çempionluğu təmin etməsinə və qızıl medallarına qovuşmasına baxmayaraq, “Neftçi” ilə oyunda da qələbə qazanan “Qarabağ”ın müdafiəçisi Maksim Medvedov oyundan sonra apasport.az saytının suallarını da cavablandırıb.

 

- Bu oyunda “Qarabağ” üçün motivasiya nə idi?

- Çempion olub-olmamağımızdan asılı olmayaraq, yenə qələbə qazanmaq üçün mübarizə apardıq. Qalib gəlmək istəyirdik, çünki qarşıda ölkə kubokunun final oyunu var, əhval-ruhiyyəmizin yüksək səviyyəddə olmasını istəyirdik.

 

- Amma əvvəlki oyunlarla müqayisədə sanki gəzə-gəzə oynayırdınız. Hansısa gərginlik, intriqa yox idi. 90 dəqiqənin tez başa çatmasını arzulamırdınız?

- Həm “Neftçi”, həm də bizim üçün hər şey həll olunmuşdu. Onlar avroliqaya vəsiqə qazana bilməyib, biz isə çempion olmuşuq. Ola bilsin, matç sönük keçdi. Amma biz oyun sistemimizdən uzaq düşmürdük. Baş məşqçinin tapşırıqlarını yerinə yetirirdik. Çünki bizi hələ final gözləyir. Deyilənləri daha yaxşı edirdik ki, “Qəbələ” ilə oyunda çətin olmasın.

 

- Alındımı?

- Bəzi tapşırıqlar alındı. Amma çatışmazlıqlar da var. Çempionatda sonuncu oyundu, bəlkə də özümüzü qoruyurduq ki, zədələnməyək. Olanımızı finalda göstərməyə çalışacağıq.

 

- “Neftçi”nin hücumçusu Seqovia ilə aranızda mübahisə baş verdi. Səbəbi nə idi?

- Mənə qarşı kobud oynayırdı, çalışırdı vursun. Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda da belə olmuşdu. Topsuz olduğum vaxtda da məni vurmağa çalışırdı. Bu gün yenə həmin epizodu təkrarladı. Topu ötürdükdən sonra ayağıma vurdu. Niyə belə etdiyini soruşduqda, futbol oynadığımızı, belə şeylərin mümkünlüyünü dedi. Mən də qaydaları pozduğunu xatırlatdım və mübahisəmiz düşdü. Dedim, bir-birimizi vurmayaq, oyun qaydaları zədə yetirməyə imkan vermir.

 

- Adətən müdafiəçilər kobud oynayır, hücumçular özlərini zədədən qorumağa çalışırlar...

- Oyun ərzində hücumçunu tərpənməyə qoymursansa, o, əsəbləşir, nəzarəti itirir.  Ona qarşı aqressiyam yox idi. Əksinə, ondan aqressiya gördüm. Belə olmaz.

 

- “Qəbələ” heyətini qorudu və gücünü kubokun finalına saxlayıb. Diqqət etməli xüsusi məqam varmı?

- Oyunlarını görməmişəm. Güclərini saxlayıblar ki, bizə qarşı yaxşı oynasınlar.

 

- “Neftçi”nin fan-klubları oyunu boykot etmişdilər və stadiona gəlmədilər. Bu, sizə özünüzü evdəki kimi hiss etməyə imkan verirdimi?

- Əksər oyunlarımızı belə keçiririk. Çünki azarkeşlərimizin  sayı artıb. Onlar istər öz meydanımızda, istərsə də digər stadionlarda bizi yalqız buraxmırlar, dəstəkləyirlər. Buna görə də özümüzü istənilən stadionda rahat hiss edirik.

0