[b]“Formula-1”: “The Black Eyed Peas” qrupu və Nikol Şerzinger də gələcək[/b]
02.05.2017 - 17:00
[b]“Formula-1”: “The Black Eyed Peas” qrupu və Nikol Şerzinger də gələcək[/b]

Azərbaycan Qran-prisi ərəfəsində Bakıda konsert proqramı ilə çıxış edəcək məşhurların adları açıqlanıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) apasport.az saytına verilən məlumata görə, paytaxtımızda türkiyəli Tarkanla yanaşı digər əcnəbilər də çıxış edəcəklər.

 

Belə ki, “The Black Eyed Peas” qrupu və Nikol Şerzinger iyunun 24-də, şənbə günü axşam saatlarında səhnəyə çıxaraq “Formula-1” azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər.

 

Şerzinger “Formula-1” həvəskarlarına yaxşı tanışdı. O, ingiltərəli məşhur pilot Luis Hamiltonun həyat yoldaşıdı.

 

BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının sıralanma turundan sonra canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək həddə sevindirir və qürurlandırır. “The Black Eyed Peas” qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdı və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardı. Musiqi ilə “Formula-1” hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən Azərbaycan “Qran-prisini qaçırmaq olmaz və biz iyunda Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşğusunu birlikdə yaşamaq üçün hamınızı indidən səbrsizliklə gözləyirik”.

 

Qeyd edək ki, Bakıda keçiriləcək növbəti “Formula-1” yarışı iyunun 23-25-də olacaq. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü - iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Həmçinin yarışı izləməyə gələn tamaşaçılar “Formula-1” pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı, “Formula-1” şəhərciyi və əyləncə mərkəzində olan bütün attraksion imkanlarından da yararlana biləcəklər.

 

Tarkan isə iyunun 23-ü - cümə günü axşam “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək.

0