Azərbaycan Premyer Liqasının bombardirləri üstünlük qazanıb
10.04.2008 - 11:57
Azərbaycan Premyer Liqasının bombardirləri üstünlük qazanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının ən az qol buraxan qapıçısı ilə bombardirinin qarşılaşması baş tutmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, çempionatın lideri “Olimpik” klubu ən yaxın izləyicisi “Neftçi” ilə görüşdə də Rauf Mehdiyevin xidmətindən məhrum olacaq. Arxada qalan turlarda cəmi 3 qol buraxan 32 yaşlı qapıçının ən sərrast oyunçular siyahısında birinci yerə şərik olan Branimir Subaşiçlə mövsümdə ikinci dəfə üz-üzə gəlməsinə qapıçının cəzalı olmasıdır. “Olimpik”in oyunçusu “Standard”la görüşdə rəqibi vurduğu üçün iki oyunluq cəzalanmışdı ki, bakılıların da ikinci oyunu aprelin 13-də flaqmana qarşı olacaq. Əsgər Abdullayevin komandası kimi vacib oyuna çıxan “Xəzər-Lənkəran”ın heyətində də ciddi itki var. Belə ki, “Qəbələ” ilə ölkə kubokunun ilk matçında meydandan qovulan Kostadin Cambazov “İnter”lə görüşdə iştirak etməyəcək. Bolqarıstanlı futbolçunun üçüncü yer və kuboka iddialı olan rəqiblərin görüşündə çempionatın digər bombardiri Xaqani Məmmədovla qarşılaşa bilməyəcək. Digər mərkəz müdafiəçisi Emin Quliyevin zədəli olduğunu da nəzərə alsaq, Premyer Liqada ən çox qol vuran hər iki hücumçunun səfər qarşılaşmasında rəqibin zəifləmiş müdafiə xətti ilə üz-üzə qalacağını söyləmək olar. 21-ci turda cəzalı olan digər iki futbolçu sarı vərəqə limitini aşdığı üçün komandasına kömək edə bilməyəcək. ABN “Gənclərbirliyi” ilə ev oyununda Azər Bağırovun, “Masallı” isə “Turan”la səfər oyununda Vüqar Nadirovun xidmətindən yararlana bilməyəcək.
0