[b]“Onlar gözəl komanda formalaşdırıb” - Harçeqani[/b]
05.05.2017 - 14:58
[b]“Onlar gözəl komanda formalaşdırıb” -  Harçeqani[/b]

Azərbaycan millisinin taekvondoçusu Milad Beiqi Harçeqani jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq yığmamızın lideri hazırlığından və hədəflərindən danışıb.

 

- Taekvondo yarışlarına mayın 16-da start veriləcək. Sizi yarışa hazır hesab etmək olarmı?

- Hazırlıqlar plan üzrə gedir. 1 həftə öncə Yunanıstandan beynəlxalq turnirdən qayıtmışıq. Komanda özünü yaxşı tərəfdən göstərdi, hamı yaxşı formada idi. Bu səbəbdən də nəticələrimiz uğurlu oldu.

 

- Rəqibləriniz barədə nə deyə bilərsiz? Kimi xüsusi fərqləndirərdiz?

- Çəkimlə bağlı deyə bilərəm ki, Bakıya güclü taekvondoçular gələcəklər. Fil Dişi Sahilindən olan Olimpiya çempionu, Rioda mənim kimi bürünc medal qazanan tunisli rəqibim də İslamiada mübarizə aparacaq. İran da Bakıya güclü idmançı ilə gələcək. Həminin Türkiyə millisinin üzvünü də fərqləndirərdim.

 

- Rioda Olimpiada zamanı iranlı azarkeşlərlə aranızda kiçik anlaşmazlıq yaşanmışdı. Bu dəfə də cənub qonşularımız güclü heyətlə gələcək...

- Mən idmançıyam. İdmançının işi də yalnız qələbə qazanmaqdı. Hazırda Azərbaycanı təmsil edirəmsə, Azərbaycan bayrağını da yüksəklərə qaldırmalıyam.

 

- Avropa Oyunlarından uğurlu çıxışınızdan sonra demək olar ki, uğurları sıralayırsız. Səviyyəsindən asılı olmayaraq, qatıldığınız hər bir turnirdən medalla qayıdırsız. Bu dəfə çətin olmayacaq ki?

- İnşallah, bu dəfə də yaxşı nəticəyə ümid edirəm. Vurğuladığım kimi, əsas rəqiblərim Fil Dişi Sahilindən və Tunis olacaq.

 

- Komandanın çıxış barədə nə deyə bilərsiz? Mümkündümü, Avropa Oyunlarındakı kimi yenə bütün rəqiblərinizi qabaqlayasız?

- Komandamız hazırda çox güclüdü. Əvvəlcədən nəsə demək istəmirəm. Amma məşqçilər Reza Mehmandost, Elnur Amanov və Rəşad Əhmədov gözəl komanda formalaşdırıb. Nəticə də olacaq.

 

 

0