[b]Azərbaycanın İslam Həmrəyliyi Oyunlarındakı çıxışına baxış - LAYİHƏ[/b]
09.05.2017 - 14:07
[b]Azərbaycanın İslam Həmrəyliyi Oyunlarındakı çıxışına baxış - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Dördüncü yazımız yığmamızın İslam Həmrəyliyi Oyunlarında çıxışına həsr olunur. Komandamızın 2005-ci ildə Səudiyyə Ərəbistanı və 2013-cü ildə İndoneziyada keçirilən yarışlardakı uğuruna nəzər yetirəcəyik.

 

İlk cəhddə 15 medal

I İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanın 4 şəhərində keçirilib. Yarışa Məkkə, Mədinə, Tayif və Ciddə ev sahibliyi edib. 55 ölkə təmsilçisinin 15 idman növündə qüvvəsini sınadığı yarışa Azərbaycan millisi 103 atletlə qatılıb. Yığmamız 5 növ üzrə 15 medal qazanıb.

 

Qeyri-adi hesab

Səudiyyə Ərəbistanında medal sıralaması qeyri-adi şəkildə hesablanması ilə diqqət çəkib. Belə ki, ağırlıqqaldırma yarışlarında adətən 2 hərəkətin cəminə görə verilən mükafatlar hesablanır. Təkanla və birdən qaldırmada qazanılan kiçik medallar həvəsləndirici xarakter daşıyır və siyahıda nəzərə alınmır. Lakin İslamiadanın təşkilatçıları həmin medalları da saymağı məqsədəuyğun hesab ediblər. Bu üzdən ağır atletikada 8 deyil, 24 medal dəsti sahibini tapıb. Bu qeyri-adi hesablama sayəsində Azərbaycan millisinin də qazandığı medallardan yarıdan çoxu bu növünün payına düşüb. Hərçənd toplam nəticədə cəmi 3 medal qazanmışıq. Natiq Həsənov (85 kq) gümüşə, Əlibəy Səmədovla (94 kq) Nizami Paşayev (105 kq) bürüncə seviniblər. Birdən qaldırmada daha uğurlu çıxış edən idmançılarımız 2 qızıl mükafat da əldə ediblər. Paşayev və Həsənov öz çəkilərində daha çox yükün altına giriblər. Səmədov bu hərəkətdə üçüncülüklə kifayətlənib. Təkanla qaldırmada isə Natiq gümüş, Nizami bürünc medala layiq görülüb.

 

Beləliklə, medal əldə edən 3 idmançımız 2 qızıl, 2 gümüş və 4 bürünclə yalnız İraq və Səudiyyə Ərəbistanından geri qalaraq, 3-cü olub.

 

Karateçilərimiz də himnimizi səsləndirdi

Ağırlıqqaldıranlarımız kimi karateçilərimiz də öz idman növündə üçüncü olublar. Yarımadada 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız yalnız İran və Mərakeşə həsəd aparıb. Ölkəmizə ən yüksək əyarlı medalı Ceyhun Ağasıyev (75 kq) qazandırıb. Finalda uduzan Yusif Cəfərov (60 kq) və Rəşad Hüseynov (70 kq) ikinci yerlə kifayətlənib. Azərbaycan idman tarixinə ən titullu atletlərdən biri kimi düşən Rafael Ağayev (65 kq) Səudiyyə Ərəbistanından “bürünc”lə qayıdıb.

 

Nadir uğur

Komanda idman növlərində daima axsayan ölkəmiz İslamiadada tarix yazıb. Bu, Azərbaycan üçün bir qədər ənənəvi növ hesab edilməyən basketbolda yaşanıb. Əfsanəvi litvalı Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda 19 yığmanın yarışında qızıl medallara yiyələnib. Hərçənd Zaur Paşayev, Fuad Niftəliyev, Anar Sarıyev, Emil Mirzəyev, Namiq Ağayev, Tahir Baxşiyev, Aleksandr Rındin, Aleksey Kitayev, Anar Hacıyev və Fərid Əmirovdan ibarət millimiz İslam Həmrəyliyi Oyunlarına o qədər də uğurlu başlamayıb. Somali üzərində 106:29 hesablı qələbədən sonra meydan sahiblərinə 58:65 hesabı ilə uduzan təmsilçimiz C qrupundan yalnız ikinci yerlə mərhələ adlayıb. Bunun üçün komandamız Yəmənə 56:37, ikinci yer uğrunda mübarizədə əsas rəqibi Küveytə 74:66 hesabı ilə qalib gəlib.

 

Növbəti mərhələdə ikinci qrupda yer alan basketbolçularımız ilk oyunda Əlcəzair qarşısında tab gətirə bilməyib – 74:79. Lakin toparlanmağı bacaran yığmamız Mərakeşi (70:55) və Suriyanı (88:72) məğlub edib. Azərbaycan, Mərakeş və Əlcəzair eyni xala malik olduğundan əlavə göstəricilərə ehtiyac duyulub. Nəticədə millimiz birinci yerlə yarımfinala yüksəlib.

 

Finala gedən yolda İranla qarşılaşan Kurtinaytisin komandası ən gərgin oyunlardan birini keçirib. Komandamız cəmi 1 top fərqi ilə - 68:67 hesabı ilə qələbə qazanıb. Həlledici görüşdə isə yığmamız Əlcəzairdən revanş almaq şansı əldə edib. Basketbolçularımız 82:69 hesabı ilə qalib gəlməklə, qisaslarını qızıl medal qazanmaqla alıblar.

 

Biri fərdi, biri komanda

Millimizin I Oyunlarda aktivinə yazdığı digər 2 medal isə taekvondo və qılıncoynatma növlərinə təsadüf edib. Hər 2 idman növündə qazancımız bürünc olub. Taekvondoçuların yarışında Babək İsgəndərov (62 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Onun kimi sablyaçı kişilərdən ibarət yığmamız da bayrağımızı daldalandırmağı bacarıb.

 

Ümidləri doğrultmayanlar

Komanda idman növlərində basketbolçularımız bizi sevindirsələr də, digər yığmalarımız imkanlarından aşağı çıxış ediblər. Kişi voleybolçulardan ibarət millimiz medalın bir addımlığında qalıblar. Onlar 5-ci yerlə kifayətləniblər. Su polosu üzrə komandamız 5, həndbolçularımız 2 görüşə çıxıblar ki, xal üzünə həsrət qalıblar. Onlar kimi atletika, üzgüçülük, suyatullanma və stolüstü tennisdə də medal qazanmamışıq.

 

Beləliklə, 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanan komandamız yarışı 55-ci ölkə arasında 8-ci yerdə bitirib.

 

Kəmiyyət azaldı, keyfiyyət artdı

II İslam Həmrəyliyi Oyunları İranda baş tutmalı olsa da, siyasi məsələlərə görə təxirə salınıb. Nəticədə müsəlman idmançılar növbəti dəfə 2013-cü ildə İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində bir araya gəliblər. Yığmamız 56 ölkənin qatıldığı III İslamiadaya 53 idmançı ilə yollanıb. Bu, 8 il əvvəlkindən təxminən 2 dəfə az olsa da, medal sayında artım müşahidə edilib. Belə ki, 9 idman növündə yarışan təmsilçilərimiz ümumilikdə 24 medal qazanıblar. Bunlardan da 6-sı qızıl, 9-u gümüş və 9-u bürünc olub. Komandamız yenidən medal əldə edən ölkələr siyahısında 8-ci yeri tutub.

 

Yenə karateçilər

İlk Oyunlarda olduğu kimi bu dəfə də karateçilərimiz medal baxımından fərqləniblər. 3 qızıl və 2 gümüş əldə edən millimiz Misir və İrandan geri qalıb. Səudiyyə Ərəbistanında 3-cü olan Rafael Ağayev (75 kq) bu dəfə himnimizi səsləndirib. Onun kimi Ayxan Mamayev (84 kq) də hamıdan güclü olub. Daha bir qızıl medalımız isə karateçilərin komanda yarışında əldə edilib.

 

Niyazi Əliyevlə (67 kq) Şahin Atamov (+84 kq) isə finalda uduzduqlarından gümüş medal əldə ediblər.

 

Ağırlıqqaldıranlarımızın ağır qazancı

Ağır atletika millimiz də yarışlardan 5 medalla dönüb. İdmançılarımız ölkəmizi himnini səsləndirə bilməsələr də, 3 gümüş və 2 bürünc mükafata seviniblər. Bu dəfə ayrı-ayrı hərəkətlərdə medallar da nəzərə alınmayıb. Əvəzində qadın idmançılar debüt ediblər. Ölkəmizə medalların birini də xanım, milliləşən bolqarıstanlı Silviya Angelova (48 kq) qazandırıb. O, fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər mükafatlar kişilərin yarışında əldə edilib. Əfqan Bayramovla (77 kq) İntiqam Zairov (94 kq) ikinci, Zülfüqar Süleymanovla (62 kq) Namiq Cəlilov (85 kq) üçüncü pillədə qərarlaşıblar.

 

Taekvondoçular yenə fərqləndilər

8 il öncə olduğu kimi Palembanqdə də taekvondo yığmamız adından söz etdirməyi bacarıb. Komandamızın üzvləri İndoneziyada 4 dəfə fəxri kürsüyə yüksəliblər. Düzdü, idmançılarımız çempionluq sevinci yaşaya bilməyiblər. Amma yarışın ən uğurlu komandalarından biri olublar. Finala çıxan yeganə taekvondoçumuz Günay Ağakişiyeva (57 kq) iranlı rəqibinə uduzaraq, gümüşlə kifayətlənib. Patimat Abakarova (49 kq), Türkanə Tahirli (46 kq) və Mikayıl Əliyev (54 kq) isə 3-cü yeri tutublar. Yığmamız ümumi komanda hesabında 9-cu pillədə qərarlaşıb.

 

İlk uğurlar

I Oyunlarla müqayisədə 4 idman növü bizim üçün yeni medal mənbəyi olub. Təmsilçilərimiz atletika, üzgüçülük, uşu və kamandan oxatmada Azərbaycan bayrağını yüksəklərə qaldırıblar. Atletlərimizin uğuru xüsusilə vurğulanmalıdı. Beynəlxalq miqyaslı yarışlarda nadir halda medal əldə edən millimizin heyətində bu dəfə 4 idmançı fərqlənib. Hayle İbrahimovla (5000 m) Yekaterina Sarıyeva (üçtəkanla tullanma) bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İbrahimov həm də Oyunların rekordunu müəyyənləşdirib.

 

Palembanq təkcə bu 2 qızıl medalla kəşf olunmayıb. Layeş Abdullayeva (5000 m) və Dmitri Marşin (çəkicatma) bürünc medala yiyələniblər. Atletika yığmamız yarışa qatılan komandalar arasında 8-ci olub.

 

Üzgüçülərimizdən Boris Kirillov 200 m məsafəyə arxasıüstə üzməkdə finiş xəttinə birinci çatıb. Onun komanda yoldaşı Yevgeni Lazuka isə batterflyay üsulu üzrə üzməkdə 2 medal qazanıb. O, 50 m-də ikinci, 100 m-də üçüncü olub. Hovuzda hər əyardan bir medal qazanan yığmamız 2 nəfərə yollandığı yarışda 3 mükafatla 6-cı olub.

 

Uşu ustalarımızın debütü də əlamətdar olub. 3 idmançımızdan ikisi vətənə medalla dönüb. Ruslan Pirəliyev (65 kq) gümüş, Elçin Eminov (56 kq) bürünc medala yiyələnib. Komandamız mükafat siyahısında 7-ci yeri tutub.

 

Daha bir uğurumuz isə kamandan oxatmaya təsadüf edib. Fərdi yarışlarda fərqlənə bilməyən idmançılarımız kişi yığma komandaların mübarizəsində finala qədər irəliləyiblər. Roman Venqerov, Aleksey Korpin və Zaur Qəhrəmanovdan ibarət “trio”muz həlledici görüşdə Misirə məğlub olub. Oxatanlarımızın İndoneziyadakı ümumi çıxışı 5-ci yerdə qərarlaşmaları ilə nəticələnib.

 

Ölkəmiz Palembanqda yalnız 2 növdə medal qazana bilməyib. Səfərə 4 nəfərlə yollanan badminton komandamız və 3 idmançıdan ibarə tennis millimiz ümidləri doğrultmayıb.

 

Medalların ardınca bayrağı da aldıq

Yarış Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Bu, bağlanış mərasiminə təsadüf edib. Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Nəvaf ibn Faysal ibn Fəhd ibn Əbdüləziz Oyunların bayrağını növbəti təşkilatçı ölkə Azərbaycana - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təhvil verib. IV İslam Həmrəyliyi Oyunlarına bu il, mayın 12-22-də Bakı ev sahibliyi edəcək.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0