[b]İslamiada: 11 gün, 21 növ, 1 favorit - LAYİHƏ[/b]
11.05.2017 - 09:32
[b]İslamiada: 11 gün, 21 növ, 1 favorit - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfəki yazımızda IV İslam Həmrəyliyi Oyunlarından söhbət açacağıq. Mayın 12-22-də Bakıda keçiriləcək yarışda yığmamızın şanslarını dəyərləndirib, favoritlərə də nəzər yetirəcəyik. Həmçinin Bakı-2017-nin proqramına daxil olan növlər və qaliblərə veriləcək medallara da diqqət ayıracağıq.

 

“Avropa Oyunlarında Qərbə, İslam Oyunlarında Şərqə”

Sabah saat 21:00-da yarışın təntənəli açılış mərasimi keçiriləcək ki, bununla da IV İslam Həmrəyliyi Oyunları rəsmən başlayacaq. Düzdü, bəzi komanda növlərində mübarizəyə start verilib. Söhbət futbol, həndbol və voleyboldan gedir. Bu növlərdən birincisinin Yay Olimpiya Oyunlarında da erkən başlaması adi hala çevrilib. Lakin həndbol və voleybol üçün bu bir yenilikdi. Belə addımın atılması yarışların rəsmi olaraq cəmi 11 gün davam etməsidi. Bu qısa zaman kəsiyi komanda idman növləri üçün yetərli olmadığından həmin turnirlər təqvimdə önə çəkilib.

 

İslamiadanın açılış mərasimi Bakı Olimpiya Stadionunda baş tutacaq. 2 il öncə Avropa Oyunlarında olduğu kimi bu dəfə də ölkənin ən böyük arenası möhtəşəm tədbirə ev sahibliyi edəcək. Təxminən 2 saat davam edəcək mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm ediləcək. Tədbirdə əsasən yerli incəsənət xadimlərin iştirakı gözlənilir. Həmçinin idmançıların paradı və atəşfəşanlıq da açılış mərasiminə rəng qatacaq.

 

Bu dəfə də mərasimin hazırlanması Katerin Uqvuya tapşırılıb. Bu da onun Avropa Oyunlarındakı işi ilə bağlıdı. Bakı-2017-nin də mərasimlər üzrə direktor və icraçı prodüseri olan Uqvu qeyd edib ki, builki proqram çox fərqli və maraqlı olacaq: “Biz açılış mərasiminin maraqlı və fərqli olması üçün çox çalışırıq. Avropa Oyunlarında Qərbə, İslam Oyunlarında isə Şərqə istiqamətlənmişik. Bunun üçün 18 aydı hazırlaşırıq”.

 

Açılış mərasiminin təşkilinə 5000-dən çox insan cəlb olunub və bunların 2200-ü yerli könüllülərdi.

 

Bağlanış mərasimi də Bakı Olimpiya Stadionunda olacaq. Mayın 22-dəki tədbirlə ölkəmizin qəbul etdiyi növbəti böyük yarış yekunlaşacaq.

 

11 günə 269 medal

Bu 2 mərasimin arasındakı dövrdə 269 dəst medal öz sahibini tapacaq. Qaliblər 21 idman növündə müəyyənləşəcək. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Söhbət paraatletika və paracüdo yarışlarından gedir. İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-di. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.

 

Medallara gəlincə, onların üzərində Azərbaycanın xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqolar var. Bu rəmzlər qızıl, gümüş və bürünc medalların mərkəzində yer alıb. Ölkəmizin zəngin tarixini özündə xarakterizə edən bu elementlər Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

 

Diametri 80 millimetr, qalınlığı 9 millimetr olan medallar “Azərsuvenir” MMC tərəfindən yarışın Əməliyyat Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

 

Bakı-2017-nin proqramında ciddi dəyişikliklər

Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası üzrə turnirlər keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, Bakı-2017-də 3X3 üzrə qaliblər bəlli olacaq. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək. Təkbətək idman növlərindən isə atletika, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, taekvondo, ağır atletika və uşu yenə də müsəlman idmançıların rəqabəti ilə yadda qalacaq. Əvəzində badminton, atçılıq, qılıncoynatma bu dəfə kənarda qalıb.

 

Ən çox medal dəsti atletlərin və üzgüçülərin mübarizəsində oynanılacaq. Burada hər 2 növ üzrə 42 çempion müəyyənləşəcək. Güləşçilər 24, atıcılarla uşu ustaları hərəyə 20 dəst medal üçün yarışacaqlar.

 

Komanda idman növlərindən yalnız ikisində - su polosu və futbolda bir medal dəsti nəzərdə tutulub. Bu da onlarda yalnız kişi idmançıların qüvvələrini sınamaları ilə bağlıdı.

 

Rekord olmayacaq

Azərbaycanda keçiriləcək Oyunlarda iştirakçı sayında yeni rekordun qeydə alınması gözlənilirdi. Belə ki, İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) üzv olan ölkələrin hamısının Bakıda iştirakı öncədən təsdiqlənmişdi. Onlardan 56-sı müstəqil komanda kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən cəzalanan Küveyt isə İHİF bayrağı altında yarışa qatılmalı idi. Bu gerçəkləşəcəyi halda ilk dəfə bütün müsəlman ölkələri bir idman yarışında cəmləşəcəkdi. Lakin Oyunların açılışına 2 gün qalmış bu proqnozlar özünü doğrultmadı. Sudan və Liviya idmançıları, həmçinin İHİF bayrağı altında çıxış etməli olan küveytlilər yarışdan imtina etdilər. İslamiadanın Əməliyyat Komitəsi, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qaldı. Beləliklə, sabah start götürəcək yarışda 57 deyil, 4 qitəni təmsil edən 54 ölkənin iştirakı baş tutacaq. Bu, Avropa, Asiya, Afrika və Cənubi Amerikadı. Sonuncu qitə cəmi 2 ölkə ilə təmsil olunacaq. Bu ölkələr də Surinam və Qayanadı.

 

Ən çox idmançı ilə kim gəlir?

IV İslam Həmrəyliyi Oyunlarına ən böyük heyətlə qatılacaq yığma isə Türkiyə olacaq. Növbəti analoji yarışın ev sahibi Bakıda 345 idmançı ilə mübarizə aparacaq. Azərbaycan turnirə onlardan 10 nəfər az idmançı ilə qatılacaq. İlk “üçlüy”ü isə İran qapayacaq. Cənub qonşumuz ölkəmizə 300 idmançı ilə gəlir. 

 

Əsas favorit

Avropa Oyunlarında olduğu kimi, son anda hansısa idman növünə qatılmaqdan imtina etməsək, bütün yarışlarda təmsilçilərimiz güclərini yoxlayacaqlar. Bakı-2017-də təkcə ənənəvi güclü olduğumuz növlərdə deyil, digər yarışlarda da medala iddia edəcəyimiz istisna deyil. Bir yandan doğma divarlar amili, digər tərəfdən islam ölkələrinin dünya idmanında öncüllərdən olmaması təmsilçilərimizin lehinə işləyən amillərdi. Üstəlik, Türkiyə, İran, Qazaxıstan və Özbəkistan kimi ölkələr Bakıya ideal heyətlə gəlmir. Bu da başadüşüləndi. Çünki yarış beynəlxalq federasiyaların təqvimində nəzərə alınmayıb. Elə bu amilləri nəzərə alsaq, yığmamızı ümumi medal sıralamasında əsas favorit hesab etmək olar. Düzdü, sadaladığımız ölkələr müəyyən rəqabət göstərsələr də, çətin ki, birincilik bizə mane olsun. Avropa Oyunlarının ikincisi olan yığmamız tarixində ilk dəfə multi-idman tədbirinin qalibi olmağa real namizəddi.

 

Maksimum nəticə üçün

İdmançılarımızın ənənəvi güclü olduğu növlərdən danışarkən, güləş, boks, taekvondo, cüdo, karate, paracüdo, paraatletikanı qeyd etmək olar. Bu növlərdə daha mötəbər yarışlarda uğurlarına adət etdiyimiz atletlərimiz İslam Həmrəyliyi Oyunlarında maksimum nəticə göstərə bilər. Bu idman növlərindəki hər təmsilçimiz qızıl medala əsas namizədlərdən sayılır. Ən pis halda isə bu idman növlərində ilk “üçlük”də yer alacağımız gözləniləndi.

 

Əslində, bədii və idman gimnastikası, uşu, ağır atletika, həmçinin proqrama yeni salınan zorxanada da liderlərdən hesab olunuruq. Azarkeşlər önündə daha inamlı, daha məsuliyyətli olan yığmalarımızın ümumi medal hesabımızı zənginləşdirə biləcəyi kifayət qədər inandırıcıdı. Çünki bu növlərdə yetərincə təcrübəli, bir sıra uğurlar qazanmış idmançılarımız var.

 

Şansdan yararlanmaq üçün

Bir sıra idman növlərində isə İslamiada uğur qazanmaq üçün nadir şanslardan biridi. Beynəlxalq arenada nailiyyət qazanmağa çətinlik çəkən bu növlərdəki təmsilçilərimiz yerli azarkeşlər qarşısında özlərini göstərmək şansı qazanıblar. Söhbət suyatullanma, tennis, stolüstü tennis, üzgüçülük və atletikadan gedir. Bunlardan sonuncusunda ara-sıra uğurlar olsa da, bu, çox azdı. Çünki 42 dəst medal oynanılan növün heç də hamısında təmsil olunaq gücündə deyilik. Olunsaq belə, bu formallıq qaşıyacaq. Atletika kimi üzgüçülük də medal baxımından məhsuldar növ olsa da, idmançılarımız bundan heç vaxt yararlanmayıb. Suyatullanma və bu növdə qazanacağımız mükafatlar gənclərin hovuza axınına təkan ola bilər. Raketka ustalarımız isə heç vaxt qazanmadığı uğuru İslamiadada reallaşdırmaq arzusundadılar. Onlar bununla həmin idman növlərinin ölkəmizdə “ölmədiyinin” təsdiqinə də öz töhfəsini verər.

 

Komandalarımız üçün fürsət

Komanda idman növlərində 8 dəst medal oynanılacaq. Bu yarışların çoxunda iştirakçı sayının az olması xeyrimizə olan amildi. Çünki voleybol istisna olmaqla, heç bir komanda növündə ciddi yarışlarda azarkeşlərə sevinc bəxş etməmişik. Amma bu dəfə istisnalar ola bilər. Futbol və həndbol yığmalarımızın yarışa uğurla başlaması belə deməyə əsas verir. Onlara su polosunun da qoşulacağı gözləniləndi. Hər halda, qadınlardan ibarət voleybol və həndbol komandalarımızın çempion olacağına inam böyükdü. Kişilərin bu idman növlərində də medal qazanmaq şansımız yüksəkdi. Futbol və su polosunda isə təqvim xeyrimizə işləyə bilər.

 

Basketbolun 3X3 növündə də fəxri kürsüyə yüksələ bilərik. Əgər ilk Oyunlarda klassik basketbolda qızıl medal almışıqsa, bu dəfə də “üçlüy”ə düşməyimiz real görünür.

 

Beləliklə, Avropa Oyunlarını 56 medalla başa vuran Azərbaycan yığmasının İslamiadadakı qazancının 3 rəqəmli ədədlə ifadə olunacağı gözləməyə dəyər.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0