[b]Elşən Abdullayev: Pul önəmli deyil – MÜSAHİBƏ[/b]
12.05.2017 - 00:00
[b]Elşən Abdullayev: Pul önəmli deyil – MÜSAHİBƏ[/b]

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 23 yaşadək futbolçulardan ibarət millimiz Səudiyyə Ərəbistanı komandasını 2:0 hesabı ilə Məğlub edib. İlk qələbənin qazanılmasında əsas pay sahiblərindən olan yığmamızın yarımmüdafiəçisi Elşən Abdullayev yarışdakı ilk qolumuzun da müəllifi olub. Oyundan sonra o, apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Matçla bağlı fikirlərini eşitmək istərdik...

- Hava küləkli idi. Bu da oyunumuza mane oldu. Xüsusilə də birinci hissədə küləyə qarşı oynadıq. Çox çətin idi, istədiyimizi edə bilmirdik. Yalnız ikinci hissədə istəyimizə nail olduq. Əlbəttə, ilk qələbə hər zaman şirin, sevindirici olur. Maksimum nəticə qazanmaq, yekunda isə qalib olmaq istəyirik.

 

- Bunun üçün növbəti oyunda Mərakeşi üstələməlisiniz. Rəqibin oyununu izləmisinizmi?

- Onlar da bizim kimi 2 oyundan 4 xal toplayıblar. Güclü rəqibdi. Heyətlərində texnikalı oyuna üstünlük verən, fərdi keyfiyyətlərinə görə fərqlənən futbolçular var. Amma bundan çəkinmirik. Qrupu zirvədə başa vurmalıyıq.

 

- Komandanın qarşısına konkret məqsəd qoyulubmu?

- Biz yarışı birinci pillədə başa vurmaq istəyirik. Məqsədimiz də budu. Bu qələbədən sonra ab-hava daha da yüksələcək. Qarşıdakı oyuna daha yaxşı motivasiya olacağıq.

 

- Yaş limitini aşan futbolçular komandaya nə kimi fayda verirlər?

- Onlar təcrübəli futbolçulardı. Daim bizə dəstək verirlər. Hətta oyun zamanı topu itirəndə belə bu dəstəklərini əsirgəmirlər. Bizə çox kömək edirlər.

 

- Dövlət başçısı bu gün qazanılacaq medalların əyyarına uyğun mükafatın məbləğini açıqladı. Bu, oyunöncəsi motivasiya oldumu?

- Bəlkə inanmayacaqsınız, məbləğin nə qədər olduğunu indi də bilmirəm. Yarış vətənimizdə keçirilir və buna görə də qalib olmaq istəyirik. Pul indiki məqamda önəmli deyil.

 

- Bu gün meydanda çox aqressiv idiniz. Hakimin hər fitindən sonra rəqib futbolçularla gərginlik yaşanırdı. Səbəbi nə idi?

- Kənardan belə görünə bilər. Meydana qələbə istəyi ilə çıxmışdıq. Həddindən artıq istəkli olmağımız emosiyaların çoşmasına səbəb olmuşdu. İstənilən halda bu cür aqressivlik yaxşı hal deyil.

0