[b]“Bursaspor” rəsmisi azərbaycanlı futbolçuları izləməyə gəldi[/b]
13.05.2017 - 18:12
[b]“Bursaspor” rəsmisi azərbaycanlı futbolçuları izləməyə gəldi[/b]

Gələn mövsümdən gənc futbolçulara üstünlük verməyi planlaşdıran “Bursaspor” yay fasiləsində heyətində ciddi dəyişikliklərə əl atacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Superliqa təmsilçisi bu səbəbdən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını diqqət mərkəzində saxlayır.

 

Futbol turnirində gənc oyunçuların üstünlük təşkil etdiyini nəzərə alan “ağ-yaşıllar” skautları Turqay Çöpü Bakıya göndəriblər. Paytaxtımızda keçirilən qarşılaşmaların hamısını izləməyi düşünən klub nümayəndəsi Türkiyəyə qayıtdıqdan sonra bəyəndiyi futbolçuların adlarını prezident Ali Aya təqdim edəcək. Bu isə İslamiadada iştirak edən azərbaycanlı oyunçuların da “Bursaspor”a keçmək ehtimalını artırır.

 

Qeyd edək ki, əsas millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” bir müddət əvvəl U-21 yığmamızın üzvü Ozancan Kökcünü “Feyenoord”dan transfer edib.

0