[b]“Mənim çəkimdə bir nəfər də üzə çıxdı, rəqabət artdı” - MÜSAHİBƏ[/b]
14.05.2017 - 15:31
[b]“Mənim çəkimdə bir nəfər də üzə çıxdı, rəqabət artdı” - MÜSAHİBƏ[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında kişilərin cüdo yarışında  gümüş mükafat qazanan Rüstəm Orucovun (73 kq) apasport.az saytına müsahibəsi

 

- İslamiadada çoxu sizdən qızıl medal gözlədiyi halda, ikinci yeri tutdunuz. Bu nəticəni özünüz üçün uğur sayırsınız?

- Medalsız qalmadım, buna da şükür. İkinci yer pis nəticə deyil. Əlbəttə, medalın əyarının qızıl olmasını istərdim. Amma bir az texniki səhvə yol verdim. Buna görə də, “qızıl”a əlim çatmadı.

 

- Bu il Hidayət Heydərovla döyüşlərdə sizinki gətirmir. Bunun səbəbini nədə görürsünüz?

- Necə deyim... Özümüzkülərlə güləşə bilmirəm. Əcnəbi rəqiblərimi rahat döymək istəyirəm. Amma bizimkilərlə tatamiyə başqa cür çıxıram.

 

- Bəlkə rəqibi lazımınca dəyərləndirmirsiniz?

- Xeyr. Hidayət sonuncu Avropa çempionudu. Ona zəif demək olmaz. Tatamiyə çıxanda bilirdim ki, çox çətin döyüş keçəcək. Əslində, görüşə yaxşı başlamışdım. Elə bildim ki, qalib gələcəm. 1-2 dəqiqədən sonra özümə dedim ki, döyüş mənimdi, aparacam. Sadəcə, bir az “boşaldım”, rəqib də bundan istifadə etdi.

 

- İppona düşməyinizə nə səbəb oldu?

- Mən fənd etdim. Amma elə alındı ki, özüm rəqibin altında qaldım, çıxa bilmədim. Əks fəndə düşdüm.  

 

- Bundan əvvəl Parisdə keçirilmiş “Böyük Dəbilqə” turnirində də Hidayət Heydərova uduzmuşdunuz. Ardıcıl ikinci məğlubiyyət sizdə qıcıq yaratmır?

- Əksinə, sevinirəm ki, rəqibim var. 2020-ci ildə keçiriləcək olimpiadaya qədər aramızda güclü rəqabət gedəcək. Belə olanda idmançı dayanmadan məşqlər edir, “artırır”.

 

- Olimpiadaya kimi bu çəkidə qalmağı düşünürsünüz?

- Əlbəttə ki, qalacam. Niyə qalmıram ki? Hamı deyir ki, çəkini artır. Amma mən bu fikirdə deyiləm. Prinsipial insanam. Rəqabətin olmasını xoşlayıram. Sevinirəm ki, mənim çəkimdə bir nəfər də üzə çıxdı, rəqabət artdı. Mənim üçün problem yoxdu.

 

- Sanki yüksək motivasiya ilə döyüşə çıxmaq sizə mane olur. Avropa çempionatında da analoji vəziyyətlə üzləşmişdiniz...

- Avropa çempionatında fransızla döyüşə 81 kq çəkidə çıxmışdım. Rəqibim dünya üçüncüsü idi. Mənim çəkim isə 75 kq idi. Orada bizə qarşı haqsızlıq oldu, Nicat Şıxəlizadəni “sıxdılar”. Sonra məşqçilərimiz mənə dedilər ki, nəyin varsa, qoy. Başlanğıcda hesabda üstün idim, amma fiziki cəhətdən axıra qədər çatdırmadım.

 

- Dünya çempionatında hansı nəticəyə ümid edəcəksiniz?

- Ondan öncə Qran-pri yarışları olacaq. Daha sonra isə fikrimizi dünya çempionatına yönəldəcəyik. Yarışa ciddi hazırlaşacağıq.

 

- Dünya çempionatında da Hidayət Heydərovla qarşılaşmaq istərdiniz?

- İnşallah. Təki elə olsun.

 

- Yenidən Heydərovla üz-üzə gələsi olsanız, ona qalib gələrək, revanş ala biləcəksiniz?

- Bu, cüdodu. Öncədən necə olacağını heç kim deyə bilməz.

 

0