[b]“Çempion sözü həmişə gözəl səslənir” - MÜSAHİBƏ[/b]
14.05.2017 - 17:05
[b]“Çempion sözü həmişə gözəl səslənir” - MÜSAHİBƏ[/b]

66 kq çəki dərəcəsində IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan cüdoçu Nicat Şıxəlizadənin apasport.az saytına müsahibəsi

 

- İslamiadada imza atdığınız uğur sizin üçün nə deməkdi?

- İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı oldum. Çempion sözü həmişə gözəl səslənir. Çox şadam ki, bu yarışın qalibi adını qazandım.

 

- Birinci olacağınızı gözləyirdinizmi?

- Yarışa çox ciddi hazırlaşmışdım. Əziyyət çəkmişdik. Bir neçə təlim-məşq toplanışında iştirak etmişdik. Əsas odu ki, əziyyətimizin bəhrəsini gördük. İdmançı üçün bu, vacib məqamdı. Çəkdiyin zəhmət hədər getməyəndə daha da həvəslənirsən.

 

- Hansı rəqiblə döyüşünüz daha çətin keçdi?

- Bütün rəqiblərimə qarşı ciddi hazırlaşmışdım. Onların sırasında yeni sima yox idi. Hamısını tanıyırdım, əvvəllər güləşmişik. Sevinirəm ki, bütün rəqiblərimin üzərində təmiz qələbə qazandım. Qızıl medala layiq olduğumu düşünürəm.

 

- Yəqin ki, qələbənizdə İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, yəni doğma divarlar amili də rol oynadı…

- Tamamilə, razıyam. İslamiadanın ölkəmizdə keçirilməsi qələbə istəyimizi bir qədər də artırırdı. Çünki doğma divarlar arasında birinci yeri tutmaq, fəxri kürsünün ən yuxarı pilləsinə qalxmaq istəyirdim. Bunun öhdəsindən gəldiyim üçün sevinirəm.

 

- Ən təcrübəli cüdoçularımızdan olsanız da, həyəcanınız hiss olunurdu. Bunu nə ilə izah edərdiniz?

- Həyəcan yox idi. Sadəcə, yarış doğma diyarda keçirilirdi. Üzərimizdə çox böyük məsuliyyət hissi var idi. Ola bilsin, bu məni bir qədər sıxırdı, tam açıq mübarizə apara bilmirdim. Buna baxmayaraq, çətinliyin öhdəsindən gəldim. Maneəni keçdim və ölkəmizə qızıl medal qazandırdım.

 

- Bundan sonra xüsusi bir hədəfiniz varmı?

- Əlbəttə ki, var. İdmançının həmişə hədəfi olmalıdı. Qarşına məqsəd qoymamısansa, uğur əldə edə bilməyəcəksən. Yayda bizi dünya çempionatı gözləyir. Ona ciddi hazırlaşacağıq. İnşallah, yenə xalqımızı sevindirərik. Sonra da yarışlar olacaq. Amma indiki məqamda əsas məqsədimiz dünya çempionatı ilə bağlıdı. Bizdən həmin turnirdə də uğurlu nəticə gözlənilir. Bunun fərqindəyik və ümidləri doğrultmaq üçün əlimizdən gələni edəcəyik.

 

0