[b]Kişilər "qızıl", qadınlar "gümüş" qazandı - YENİLƏNİB[/b]
15.05.2017 - 16:53
[b]Kişilər "qızıl", qadınlar "gümüş" qazandı - YENİLƏNİB[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında bu gün cüdo yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu növ üzrə mübarizənin son günündə komanda yarışlarında mükafatçılar bəlli olub.

 

Həm kişi, həm qadın yığmaları ən güclünü müəyyənləşdiriblər. Hər iki komandamız finala vəsiqə qazansa da, həlledici mərhələdə fərqli nəticə əldə ediblər.

 

Kişilər

 

Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauridən (+100 kq) ibarət komandamız mübarizəyə 1/8 finaldan başlayıb. Yığmamız Qırğızıstanı 5:0 hesabı ilə məğlub edib.

 

1/4 finalda rəqib ilk mərhələdən azad olan Türkiyə millisi olub. Rüfət, Məmmədəli və Uşanqi rəqiblərinə qalib gəldiklərindən, digər cüdoçuların tatamiyə çıxmalarına ehtiyac qalmayıb. Nəticədə asan qələbə qazanan komandamız yarımfinalda Özbəkistana rəqib olub.

 

Millimiz asiyalılarla qarşılaşmada da rəqibindən güclü olub - 4:1. Rüfətin uduzduğu dueldə Məmmədəli, Elxan, Nicat və Rüstəm qalib gəlib. Yığmamız bu qələbə sayəsində finala yüksəlib.

 

Həlledici görüşdə komandamız Əlcəzairlə üz-üzə gəlib. İlk olaraq Nicat Şıxəlizadə komandamızın aktivinə qələbə yazdırıb. Rüfət İsmayılovun isə rəqibi olmadığından, o, avtomatik qalib elan edilib. Bununla belə, Rüstəm Orucovla Məmmədəli Mehdiyev rəqiblərinə yenildiklərindən ümumi hesab bərabərləşib.

 

Belədə bütün ümidlər Uşanqi Kokauriyə bağlanıb. Rəqibi üzərində vaxtından əvvəl qələbə çalan Kakauri millimizə qızıl medal qazandırıb.

 

Bürünc medal uğrunda isə iki görüş baş tutub. Özbəkistan Səudiyyə Ərəbistanına (4:1), Türkiyə isə Qazaxıstana (3:2) qalib gələrək, yarışı 3-cü pillədə tamamlayıblar.

 

 

Qadınlar

 

Azərbaycan millisi B qrupunda ilk görüşünü Özbəkistana qarşı keçirib. Komandamızın heyətində Nəzakət Əzizova (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerska (+70 kq) mübarizə aparıblar. Xanım Hüseynova və Gülsədəf Kərimova rəqiblərinə yenilsələr də, digər cüdoçularımızın qələbəsi yığmamıza 3:2 hesablı qalibiyyət qazandırıb.

 

Yarışa cəmi 5 komanda qatıldığından, komandamız bir qələbə ilə finala yüksəlib. Həlledici görüşdə millimizin rəqibi Türkiyə olub. Lakin bu dəfə qonşu ölkə idmançıları güclü olublar. Cüdoçularımız Purevsuren Buyanxişiq (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerska (+70 kq) müvafiq olaraq, Dilara Lokmanhekim, Nazlıcan Özərlər, Büşra Katipoglu, Şükran Bakacak və Kayra Sayıta yeniliblər. Bununla da, qadınlarımız "gümüş"lə kifayətləniblər.

 

Bürünc medala isə Əlcəzairi 3:2 hesabı ilə məğlub edən Özbəkistan idmançıları layiq görülüblər.

0