[b]"Bakıya gəlmək üçün bir neçə təyyarə dəyişdik" - suriyalı idmançı[/b]
15.05.2017 - 15:42
[b]"Bakıya gəlmək üçün bir neçə təyyarə dəyişdik" - suriyalı idmançı[/b]

54 müsəlman ölkəsi... Onlar həmrəylik göstərmək üçün toplanıb. Ünvan da bəllidir - Odlar Yurdunun baş kəndi... Məhz buna görə də hər kəsin gözü indi paytaxtımız Bakıdadır. Çünki Azərbaycana hazırda dünyanın ən qaynar nöqtələrində yaşayan idmançılar da gəlib.

 


Bəlkə də suriyalı, iraqlı idmançıların Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qazanacağı uğurlar onların illərdir odun, alovun içində yaşayan həmvətənləri üçün unudulan sevinc hisslərini yenidən oyadacaq. Əslinə qalsa, Bakı İslamiadasının mahiyyəti də elə budur - birlik, bərabərlik, qardaşlıq, sülh...



IV İslam Həmrəyliyi Oyunlarında Suriyanı 33 idmançı təmsil edir. Onlardan biri də karate yarışlarında qüvvəsini sınayan Rafet Şeyx Əlidir. O, ilk dəfədir Azərbaycana gəlib. Bakını tam gəzməyə hələlik imkan tapmasa da, azərbaycanlıları ilk gündən çox sevdiyini deyir: "Hər şeyə görə təşəkkür edirəm, Azərbaycanı bəyəndim. Xalqınız çox yaxşıdır, qonaqpərvərdir. Bura gələn kimi yarışlar başladı, ona görə də vaxtım olan kimi şəhərinizi gəzəcəyəm".

 


Suriyalı idmançı yarışlara bir qələbə, bir məğlubiyyətlə başlayıb: "Yarışlar çox yaxşı, gərgin keçir. Rəqiblər çox güclüdür. Xüsusilə də karatedə. Türkmənistanlı rəqibimi uddum, amma Özbəkistan təmsilçisi mənə qalib gəldi".



Rafetdən dünyada hamının həyəcanla izlədiyi Suriyanı və orada yaşananları soruşduq: "Bəzən səhv fikirlər yayılır, Suriyada həyat çətin deyil, normaldır. Başqa ölkələrdə necədirsə, həyat o cür davam edir.  Bəzi yaşayış məntəqələrində, bəzi ərazilərdə xırda problemlər var. Ümumiyyətlə, o fikirlə razı deyiləm ki, dəhşətli müharibə var. İdman sahəsi də öz yerindədir, yaxşıdır".



Buna baxmayaraq, Suriya idmançıları Bakıya gəlmək üçün bir neçə marşrut dəyişməli olub: "Suriyadan birinci Livanın paytaxtına gəldik, oradan İstanbula, sonra da Azərbaycana gəldik".


Hələlik Suriya yığmasının Bakı İslamiadasında ən uğurlu nəticəsi iki bürüncdür. Onlar Azərbaycandan vətənlərinə qızıl medalla qayıdacaqlarına ümidlidirlər.

0