[b]“O, “partlayıcı” effektə malikdi” – MÜSAHİBƏ[/b]
16.05.2017 - 00:01
[b]“O, “partlayıcı” effektə malikdi” – MÜSAHİBƏ[/b]

IV İslam Həmrəyliyi Oyunlarında birinci olan qadın həndbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Georgi Voronovun apasport.az saytına müsahibəsi

 

- Yəqin razılaşarsınız ki, İslamiadada millimiz üçün ən çətin görüş Türkiyə ilə keçirilən final oyunu oldu. 28:26 hesabı da bunu deməyə əsas verir...

- Razıyam. Onlarla hər iki oyunumuz çətin keçdi. Həm qrupdakı matç, həm də final görüşünü nəzərdə tuturam. Türkiyə güclü rəqibdi, Avropa səviyyəli komandadı. Buna görə də, onlara qarşı oynamaq heç vaxt asan olmayıb.

 

- Millimizin qələbəsində nə həlledici rol oynadı?

- Sözsüz ki, həndbolçularımızın ustalıq səviyyəsi. Yarışa çox yaxşı hazırlaşmışdıq. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Həndbol Federasiyası komandamızın hazırlaşması üçün əlindən gələni etmişdi. Bir dəfə də olsun, etirazla üzləşmədik. Əla bazada məşqlər keçdik, bizim üçün maksimum şərait yaradılmışdı.

 

- Həlledici görüşün gedişində hesabda önə keçdikdən sonra yığmamızda sanki arxayınlaşma hiss olundu...

- Arxayınlaşma yox idi. Yorğunluq var idi. Həm fiziki, həm də psixoloji cəhətdən komanda çox yüklənmişdi. Əsas odu ki, qızlar buna rəğmən, toparlana və yarışın qalibi ola bildilər.  

 

- Türkiyə yığması hakimlikdən narazılığını dilə gətirib. Onların bu iradını qəbul edirsinizmi?

- İdmanda belə halların tez-tez şahidi oluruq. Uduzan komanda həmişə bəhanə axtarır. Türkiyə yığması hakimlərin Bakıda onlara kömək etməsini istəyirdi? Mən hakimliyin tamamilə obyektiv olduğunu düşünürəm. Bəli, səhvlər oldu. Amma həm bizim, həm də rəqibin əleyhinə səhvlər edildi.

 

- Final matçında Marina Tankatskaya daha çox əvəzetmədən oyuna daxil olurdu. Bu, taktiki plan idi?

- Əlbəttə ki. Alla Çernışkova akademik stildə oynayır. Tankatskaya isə “partlayıcı” effektə malikdi. Buna görə də, biz bilərəkdən elə etmişdik. Oyunun sürətini artırmaq üçün bu addımı atmışdıq. 

 

- Azarkeş dəstəyindən razı qaldınızmı?

- Onlara təşəkkürümü bildirirəm. Sağ olsunlar, o qədər insan gəlib bizə dəstək oldu. Sona qədər qələbəyə səslədilər. Arenada əla atmosfer var idi. Təşkilatçıların da işini vurğulamalıyıq, çox razı qaldıq. Özümüzü rahat hiss edirdik.

 

- İslamiadada yığmamızın ən yaxşı oyunçusu kimi adlandırmaq olar?

- Anna Həmidovanı. Açığı, bu barədə heç fikirləşməmişdim. Sualı eşidəndən sonra düşündüm və ağlıma Həmidova gəldi.

 

- Gələcəklə bağlı planlarınız nədən ibarətdi?

- Komanda istirahətə buraxılacaq. Dincəlməyə ehtiyacımız var. Bundan sonra hər kəs öz klubuna yollanacaq. Daha sonra millinin toplanışı olacaq, yenidən yığışacağıq və Avropa çempionatının seçmə mərhələsinə hazırlaşacağıq.

 

0