[b]“Uduzsaydıq, məğlubiyyətin səbəbini özümdə görəcəkdim”[/b]
15.05.2017 - 18:11
[b]“Uduzsaydıq, məğlubiyyətin səbəbini özümdə görəcəkdim”[/b]

“Yarışda 4 komanda ilə qarşılaşdıq. Onların hamısı çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri cüdoçumuz Rüstəm Orucov deyib.

 

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında bu gün cüdo yarışlarına yekun vurulub. Mübarizənin son günündə komanda yarışları keçirilib. Finalda Əlcəzair üzərində 3:2 hesablı qələbə qazanan kişi cüdoçularımız qızıl medala yiyələniblər.

 

73 kq çəki dərəcəsində mübarizə aparan Orucov rəqibinə yenilməsinə baxmayaraq, ümumi nəticədən sevincli olduğunu vurğulayıb: “Bütün güclü komandalar bizim qrupa düşmüşdü. Buna baxmayaraq, çempion olduq. Çiynim və qolum əzilmişdi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Az qala ağlayacaqdım. Komanda uduzsaydı, məğlubiyyətin səbəbini özümdə görəcəkdim. Amma şükür Allaha, Uşanqi Kokauri mənim səhvimi düzəltdi, nəticədə çempion olduq”.

 

Finaldakı uğura qələbə ilə töhfə verən Nicat Şıxəlizadə (66 kq) də Kokauriyə minnətdarlıq edib: “Əlcəzairlə final görüşümüz gərgin mübarizə şəraitində keçdi. Hesab 2:2 idi və son görüşdə komanda yoldaşımız Uşanqi Kokauri qələbənin sevincini bizə yaşatdı. Çox yüksək səviyyədə hazırlıq keçmişdik”.

0