[b]Azərbaycan yığması rekordun bir addımlığında[/b]
16.05.2017 - 10:39
[b]Azərbaycan yığması rekordun bir addımlığında[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən futbol üzrə Azərbaycan millisi qrup mərhələsini qol buraxmadan başa vurub. Apasport.az saytının məlumatına görə, U-23 yığmamız Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə görüşlərdə qapısını toxunulmaz saxlayıb. Bütün matçları əvəzolunmadan keçirən Şahruddin Məhəmmədəliyev hələ qapısında qol görməyib.

 

Səudiyyə Ərəbistanını 2:0 yenib, digər matçlarda qolsuz bərabərliklə kifayətlənən Yaşar Vahabzadənin yetirmələri yarışın tarixinə düşüb. Komandamız İslamiadaların qrup mərhələsində qol buraxmayan 6-cı yığma olub.

 

2013-cü ildə belə komanda olmayıbsa, 2005-ci ildə beş yığma qrupda qol buraxmayıb. İran və Səudiyyə Ərəbistanı hərəyə 3, Malayziya, Mərakeş və Suriya isə hərəyə 2 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Buna səbəb bəzi qruplarda 4, bəzisində 3 komanda olmasıdı.

 

Həmin 5 komandadan üçü 1/4 finalda, Mərakeş isə yarımfinalda qapısında qol görüb. Yalnız İran futbolçuları quru oyunlar seriyasını 4-ə çatdırıb. Bu da İslamiadaların mütləq rekordudu.

 

Azərbaycan millisi yarımfinalda Əlcəzairlə görüşdə də qol buraxmasa, cənub qonşularımızın rekordunu təkrarlayacaq. Mütləq rekord üçün isə finalda da bu seriyanı davam etdirmək lazımdı.

 

0