[b]“Əsas odu ki, boynumda medal var və bu, mənə bəsdi” - MÜSAHİBƏ[/b]
16.05.2017 - 15:17
[b]“Əsas odu ki, boynumda medal var və bu, mənə bəsdi” - MÜSAHİBƏ[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 90 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçu Məmmədəli Mehdiyev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə idmançımız komanda yarışında qazandığı nailiyyətə də toxunub.

 

- İslamiadada əvvəlcə fərdi yarışda qızıl medala sahib oldunuz...

- Fərdi yarışda 3 görüş keçirdim. Birinci rəqibim Birləşmir Ərəb Əmirliklərindən (BƏƏ) idi. Ona 2 vazari ilə qalib gəldim. Bu qələbə sayəsində yarımfinala adladım və türkiyəli cüdoçu ilə qarşılaşdım. Məsuliyyət çox olduğu üçün özümü istədiyim qədər yaxşı tərəfdən göstərə bilmədim. Çox şükür ki, buna baxmayaraq, qələbə qazana bildim. Finalda isə daha güclü rəqiblə, əlcəzairli idmançı ilə üz-üzə gəldim. Hesab 2:2 idi. Axıra 3 saniyə qalanda vazari aldım və çempion oldum.

 

- Komanda yarışında tatamini məğlub tərk etsəniz də, yenə qızıl mükafatçı adını qazandınız. Həmin məğlubiyyəti nə ilə izah edərdiniz?

- Komanda yarışı da çox məsuliyyətli idi. Fərdi yarışda ancaq özünə görə həyəcanlanırsan, burada isə bütün komandaya görə. 3 nəfər uduzsa, deməli, bütün komanda məğlub olur. Bunun məsuliyyəti daha çoxdu. Çalışdıq, ardıcıl qələbələr qazanaraq, finala adladıq. Həlledici döyüşdə rəqibimiz Əlcəzair idi. Sözün düzü, bir az yorğunluq var idi, bu səbəbdən finalda uduzdum. Son olaraq tatamiyə Uşanqi Kokauri çıxdı. Yaxşı ki, o, qalib gələrək, komandanı çətin durumdan çıxarda bildi. Nəticədə çempion olduq.

 

- İslam Həmrəyliyi Oyunlarında imza atdığınız uğur növbəti yarışlar öncəsi sizə əlavə motivasiya verəcəkmi?

- Bu yarışdakı nəticə mənim üçün böyük önəm kəsb edir. Amma davam etmək lazımdı, dayanmaq olmaz. Ölkəmizdə bu cür idman yarışlarının keçirilməsi bizim üçün böyük motivasiyadı. Çox həvəslə məşq edirik, hazırlaşırıq. Çalışacağıq ki, növbəti yarışlarda da Azərbaycanı layiqincə təmsil edək.

 

- Qarşıdan dünya çempionatı gəlir. 2020-ci ildə Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Bu yarışlarda da uğur əldə edəcəyinizə inanırsınızmı?

- Olimpiadaya hələ çox var. Allah qismət etsə, qatılaram. İndiki məqamda diqqətimi dünya çempionatına yönəltmişəm. Avqustun sonunda Macarıstanın paytaxtı Budapeştə yollanacağıq. Məqsədimiz dünya çempionatında da uğurlu çıxış etməkdi.

 

- Fərdi yarışlarda çempion olduqdan sonra demişdiniz ki, bəziləri sizin uğur qazanacağınıza inanmayıb. Həmin insanlar kimlər idi?

- Elə insanlar hər yerdə var. İdmana aidiyyəti olan insanlardı, amma federasiyada çalışmırlar. Əksinə, federasiya mənə həmişə dəstək verib, bütün komandanın yanında olub. Onların məni təbrik edib-etməməsinin fərqi yoxdu. Əsas odu ki, boynumda medal var və bu mənə bəsdi.

 

 

0