[b]Millimiz Avstraliya və Hollandiya ilə qarşılaşa bilər[/b]
17.05.2017 - 12:46
[b]Millimiz Avstraliya və Hollandiya ilə qarşılaşa bilər[/b]

Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı zamanı məskunlaşacağı yer bəlli olub. Apasport.az saytının məlumatına görə, mayın 20-dən iyunun 3-dək Avstriyada hazırlıq keçəcək millimiz Bad Erlaxda qalacaq.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiya ilə qarşılaşacaq yığmamız oyuna məhz bu qəsəbədə hazırlaşacaq. Robert Prosineçkinin yetirmələri 4 ulduzlu “Linsberg Asia” otelində məskunlaşacaqlar.

 

Məlumat otelin rəhbər şəxslərindən olan Anton Pfeffer tərəfindən də təsdiqlənib. O, millimizin toplanış üçün yenə Bad Erlaxı məkan seçməsindən məmnun olduqlarını bildirib: “Azərbaycan yığması kimi komanda bu il də qonağımız olacaq və bu, bizim üçün xoşdu. Onların yenə bizi seçməsi otelimizin ideal imkanlara malik olduğunun göstəricisidi”.

 

Azərbaycan yığması Avstriyada 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblərin adları hələ açıqlanmasa da, apasport.az saytına bu barədə məlumat daxil olub. Millimiz Bad Erlaxda Hollandiya və Avstraliyanın 21 yaşadək futbolçulardan ibarət yığmaları ilə qarşılaşa bilər. Bu komandalar da həmin müddətdə Avstriyada məskunlaşacaqlar.

 

Qeyd edək ki, dəniz səviyyəsindən 312 metr hündürlükdə olan Bad Erlax Aşağı Avstriya federal torpaqlarına daxildi. Viner-Noyştad-Land dairəsində, paytaxt Vyanadan təxminən 70 km məsafədə yerləşən qəsəbənin 3 minə yaxın əhalisi var.

 

0