[b]“Hakim rəqibə kömək etdi” - Ruslan Abışov[/b]
18.05.2017 - 16:22
[b]“Hakim rəqibə kömək etdi” - Ruslan Abışov[/b]

Əlcəzairlə oyun qələbə qazanan və finala yüksələn 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ruslan Abışov apasport.az saytının suallarını cavablandırıb.

 

- Rəqibləri favorit göstərə-göstərə finala yüksəldiniz. Qarşılaşmanın Mərakeşlə müqayisədə bir qədər sakit keçdiyini söyləmək olarmı?

- Düzdü, turnirdə ən güclü komandalar yer aldığımız qrupa düşmüşdülər. Amma Əlcəzair millisi də yaxşı komandadı. Rəqibin oyununu təhlil etmişdik, əks hücumda təhlükəlidirlər. Üstəlik, uzaqdan zərbələrlə də təhlükə yarada bilirlər. Birinci hissədə hesabı açdıq və bir qədər rahat oynamağa başladıq. Hesab böyük ola bilərdi, amma vacib olan qələbə idi, onu da əldə etdik. Təzyiq çox idi. Bu da meydan sahibi olmağın nəticəsidi.

 

- Əlcəzair yığmasının istər məşqçilər korpusu, istərsə də futbolçuları çox aqressiv idi. Onların bu cür davranmasında hakimin qərarları nə dərəcədə rol oynadı?

- Hakim bu dəfə bizə kömək etmədi. Əksinə, rəqibin 1-2 futbolçusuna qırmızı vərəqə göstərməli idi, amma bunu etmədi. Yəni, referilər bu gün onlara güzəşt etdi.

 

- Hesab açılana qədər müəyyən epizodlar oldu ki, referi və köməkçiləri əks qərar verdi.

- Bizə hakimlərin köməyi olmadı. Onların qapımıza doğru uzaqdan zərbələri belə olmadı. Belədə hansı köməkdən danışmaq olar?

 

- Qol vurduğunuz epizoddan sonra rəqib hakimə etiraz etdi. Top əlinizə dəymişdi?

- Xeyr, əlimə dəyməmişdi. Ofsayd da yox idi. Çünki topa açılan zaman rəqib futbolçunun qarşımda olduğunu gördüm.

 

- Ot örtüyü oyununuzu ləngitmirdi?

- Örtük ideal vəziyyətdə idi. Amma düzgün qırxılmamışdı. Sanki ot bir qədər hündür idi. Müəyyən qədər əziyyət çəkdik.

 

- Rəqibin bu qədər aqressiv olmasında Mərakeşlə oyundakı hakim qərarları rol oynaya bilərmi?

- Onlar da finala çıxmaq istəyirdi. Qrup mərhələsindən sonra hər bir rəqib finalda oynamaq haqda düşünür. Yarımfinalın təzyiqi həlledici rol oynadı.

 

- Komandanın bura qədər yüksələcəyinə inanırdınızmı?

- Onsuz da püşk atıldıqdan sonra ancaq final oynamaq haqda düşünürdük. İlk vəzifəmiz qrupdan çıxmaq idi. Bunun öhdəsindən gəldik. Finalda daha çox azarkeş gözləyirik. İstərdik, Respublika stadionunda anşlaq olsun.

 

- Finalda hansı komandanın rəqib olmasını istərdin?

- Kamerunla oynamışıq, onları tanıyırıq. Omanın oyununu isə görməmişik. Hansı komanda layiqdirsə, finalda o oynasın.

 

0