[b]“15-ci dəqiqədən sonra ayaqlarımı hiss etmirdim” [/b]
18.05.2017 - 17:07
[b]“15-ci dəqiqədən sonra ayaqlarımı hiss etmirdim” [/b]

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib. Apasport.az saytının məlumatına görə, yarımfinalda Əlcəzairi 2:0 hesabı ilə məğlub edən millimizin hücumçusu Ağabala Ramazanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyunla bağlı qeyd etmək istədiyiniz məqamlar varmı?

- Bu mərhələdə asan oyun, zəif rəqib olmur. Onların matçlarını təhlil etmişdik. Bilirdik ki, topla oynamağı sevən futbolçuları çoxdu. Bu da təkbətək mübarizələrdə üstünlük demək idi. Baş məşqçimiz həm də rəqibin 17 nömrəli (Fərid Əl-Melali) futbolçusuna yaxın oynamağı tapşırmışdı. Qələbə qazandığımıza görə sevincliyəm.

 

- Əlcəzairin aqressiv olmasının işinizə yaradığını demək olarmı?

- Rəqibin oyununa baxmışdıq. Onlar bütün görüşlərdə bu cür çıxış edirdilər: ona qışqırırdılar, buna bağırırdılar. Kapitanlarına dedim ki, bu cür olmaq kimə lazımdı? Axı hamımız müsəlmanıq. Onu söyürlər, bunu söyürlər.

 

- Final matçı haqda nə düşünürsüz?

- Vaxtımız azdı. Sabah bərpa olunacağıq. Bura qədər gəlmişiksə, niyə də qızıl medal qazanmayaq?

 

- 12-13 gün ərzində ardıcıl 4 oyun keçirməyiniz sizi yormayıb?

- Yorğunluq hiss olunur. Əsas problem meydançanı dəyişməklə bağlıdı. Təbii otdan süni örtüyə yüngül keçmək olur, amma sünidən təbii ota çox çətindi. 15-ci dəqiqədən sonra ayaqlarımı hiss etmirdim.

 

- Üstəlik, ot normalara uyğun qırxılmamışdı…

- Bəli, bu da çətinlik yaradırdı. Yaxşı ki, örtük suvarılmışdı, top gedirdi.

 

- Yenə Kamerunla qarşılaşmaq istərdinizmi?

- Məncə, onlarla qarşılaşacağıq. Çünki Kamerun daha güclüdü. Əgər Oman çıxsa, deməli, onlar Kamerundan daha güclü komandadı. Bu, bizim üçün lap pis olacaq. Çünki Kamerunla oynamışıq, tanıyırıq.

 

- Qol imkanlarından istifadə göstəricisi çox aşağıdı. Bu, vacib oyunda problem yaratmayacaq?

- Baş məşqçi müəyyən tapşırıqlar verəcək. Təbii ki, bu yaxşı hal deyil. Bu gün hesab arasındakı fərq böyük ola bilərdi. Sanki vacib anlarda bir-birimizi görmürdük.

 

- Digər idman növləri üzrə keçirilən yarışlarda zallar dolu olur. Amma futbola çox az adam gəlir. Finalda anşlaq olacağına inanırsınızmı?

- Yəqin gələnlərin sayı çox olacaq. Bayaqdan dostlar zəng vurub, final oyununa bilet axtarırlar. Gəlsinlər, onların dəstəyinə ehtiyacımız var. Biz futbolumuz üçün tarix yazmağa yaxınıq. Təki qarşıdakı illərdə nəticələrimiz bundan yaxşı olsun. Amma birinci addımı atmağa yaxın olduğumuz məqamda niyə bunu etməyək? Futbol komandamız bu cür böyük yarışlarda heç vaxt uğur qazanmayıb. Buna nail olub, növbəti uğurlar üçün tramplin rolunu oynamaq istəyirik.

 

0