[b]Antirekordun astanasında[/b]
19.05.2017 - 15:04
[b]Antirekordun astanasında[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının futbol turniri antirekordla əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, yarış məhsuldarlığın aşağı olması ilə diqqət çəkir.

 

Əvvəlki İslamiadalarla müqayisədə çox az sayda qolun vurulması isə elə ilk baxışdan “göz oxşayır”. İki yarımfinal matçında cəmi 2 topun vurulması, Azərbaycan millisinin 4 qarşılaşmasında vur-tut 4 qolun qeydə alınması da diqqətdən yayına bilməz.

 

Ümumilikdə isə 14 qarşılaşmada 32 top vurulub. Turnirin orta məhsuldarlığı 2,29-a bərabərdi. Əslində rəqəmin belə yüksək olması bir komandanın – Türkiyənin əməyidi. “Ay-ulduzlular”ın meydana çıxdığı 3 qarşılaşmada 15 qol vurulub. Bu isə ümumi topların az qala yarısıdı. Çünki digər 11 matçda 17 dəfə qapıçılar məyus olub.

 

Əvvəlki İslamiadalara baxsaq, məhsuldarlıq get-gedə düşür. 2005-ci ildə Səudiyyə Ərəbistanında bu rəqəm 2,81 olub. Yarımadada 26 görüşdə 73 qol vurulub.

 

2013-cü ildə İndoneziyada cəmi 13 görüş keçirilib. Bu oyunlarda 34 qol vurulub. Orta məhsuldarlıq 2,62-yə bərabər olub.

 

Hazırda 4 il əvvəlkində 0,33 top geri olan indiki turnir son iki qarşılaşmada dəyişiklik etmək imkanına malikdi. Bunun üçün Azərbaycanla Omanın final, Kamerunla Əlcəzairin 3-cü yer uğrunda görüşlərində ümumilikdə 10 qol vurulmalıdı. Əslində, bu inandırıcı deyil. Yalnız qeyri-adi məhsuldarlıq antirekorddan qaçmaq üçün yetərlidi. 10 qol vurulsa, məhsuldarlıq 2,63-ə qədər yüksələcək. 9 qol isə bu rəqəmi 2,56-ya qaldırsa da, antirekord qaçılmaz olacaq. 

0