[b]“Göz yaşlarım məhz bununla bağlı idi” - MÜSAHİBƏ[/b]
20.05.2017 - 15:56
[b]“Göz yaşlarım məhz bununla bağlı idi” - MÜSAHİBƏ[/b]

IV İslam Həmrəyliyi Oyunlarında 87 kq çəkidə qızıl medal qazanan taekvondoçu Ramin Əzizovun apasport.az saytına müsahibəsi

 

- Uzun müddətdən sonra qızıl medal qazandınız. Təəssüratlarınızı bilmək istərdik...

- 30 saniyə, 1 dəqiqə ərzində bölüşdürə bilməyəcəyim qədər böyük bir sevincim var. Uzun aradan, zədəmi sağaltdıqdan sonra belə qayıtmağım özümə də xoşdu. Şadam, çox sevinirəm.

 

- Ramin Əzizov nələri düz etdi ki, İslamiadanın çempionu adını qazandı?

- Ramin çox çətin məşqlərdən, sınaqlardan keçdi. Heç bir idman növündə çempionluq asan başa gəlmir. Bunun üçün əziyyət çəkməli, tər tökməlisən. Şükür Allaha, istəyimə çatdım.

 

- Finalda İran təmsilçisi Əhməd Məhəmmədini 16:13 hesabı ilə üstələdiniz və qələbəni göz yaşları ilə, duyğusal şəkildə qeyd etdiniz...

- İstəməzdim bunu göstərim. Sırf çempion olmağımdan çox, çəkdiyim əziyyət gözümün qabağına gəldi. Ayağım iki dəfə eyni yerdən sınmışdı, buna görə də karyeramda 2 il fasilə oldu. Həmin müddətdə heç bir yarışda iştirak edə bilmədim. Özümə toparlayınca, özümə gəlincə, bərpa prosesini keçincə çox əziyyət çəkdim. Göz yaşlarım da məhz bununla əlaqəli idi. Amma yenə də buna görə üzr istəyirəm xalqımızdan. İstəməzdim ki, həmin anda o cür davranım, göz yaşlarımı göstərim,

 

- Qarşıda sizi dünya çempionatı kimi mötəbər yarış gözləyir. İslamiadada qazandığınız uğurun davamı Koreyada keçiriləcək turnirdə gələcəkmi?

- İnşallah, 1 aydan sonra dünya çempionatı olacaq. Əlimizdən gələni də, gəlməyəni də edəcəyik ki, orada da sözümüzü deyək. İslam Həmrəyliyi Oyunlarında göstərdiyim nəticə məni bir qədər də ruhlandırıb. Bu uğurun ardını gətirmək istəyirəm. Bunun öhdəsindən gələcəyimə inanıram.

 

- Çəkinizi dəyişmisiniz. Əvvəl 80 kq-da döyüşdüyünüz halda, indi 87 kq-da yarışırsınız. Bu çəkiyə tam uyğunlaşmısınız, yoxsa hələ çətinlik çəkirsiniz?

- Şükürlər olsun ki, Allah boy verib. Boyum hündürdü və bu, taekvondoda önəmli amildi. Boyum həm 80, həm 87 kq-a uyğundu, lazım olsa, ağır çəkiyə də yarayar. Məşqlər, hazırlıq düz gedəndən sonra çəkinin fərqi yoxdu.

 

0