[b]“Bu medal karyeramdakı bütün uğurlardan daha dəyərlidi” – Ruslan Abışov[/b]
22.05.2017 - 01:00
[b]“Bu medal karyeramdakı bütün uğurlardan daha dəyərlidi” – Ruslan Abışov[/b]

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında qızıl medal qazanan futbol üzrə U-23 millimizin kapitanı Ruslan Abışov matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Final haqqında fikirlərini bildirərdin zəhmət olmasa...

- Hamımız sevinc içindəyik. Çətin qrupa düşmüşdük, çox şükür yarımfinala çıxdıq. İslam Oyunlarında bir çox idmançılarımız qızıl medallar qazanmışdı, bu da bizim üçün əlavə məsuliyyət yaratmışdı. Biz də layiqincə mübarizə aparıb yekunda qələbə qazandıq. Yorğunluq hiss olunurdu. İkinci hissədə komanda bir az zəif təsir bağışladı, ancaq lazım olanı əldə edə bildik. Qarşıdan əsas millinin Şimali İrlandiya ilə oyunu gəlir, o da vacib matçdı, artıq rahatlıqla həmin görüşə hazırlaşa bilərik.

 

- 2:0-dan sonra komanda yorulub dayandı, yoxsa hesabı qorumaq üçün geri çəkildiniz?

- Mən bunu yorğunluqla əlaqələndirirəm. 13 gündə 5 matç keçirmişdik ki, bunun da 3-ü süni meydançada olmuşdu. Bu amil özü də çox təsir edir fiziki vəziyyətimizə. Ancaq uşaqlar sona qədər mübarizə apardılar. İstəyirdik ki, qol buraxmadan çempion olaq, ancaq belə alındı.

 

- Səmimi danışaq, turnir başlamamışdan əvvəl oyunların bu qədər asan keçəcəyini düşünürdünüzmü? Kənardan asan görünürdü bütün matçlar...

- Mən elə düşünmürəm. Qrup çox çətin idi. Həm Mərakeş, həm də Kamerun güclü komandalardı. Səudiyyə Ərəbistanı da bizə çətin anlar yaşatdı. Ancaq əsas odu ki, məqsədimizə çatdıq. Qrupdan çıxdıqdan sonra isə çalışırdıq ki, işi 90 dəqiqə həll edib penaltilərə aparmayaq. Çünki bu amil özü də əlavə təzyiq yaradır. Bu çempionluq hər bir futbolçunun karyerasına böyük uğur kimi düşəcək. İstərdik ki, dünya, Avropa çempionatlarında uğur qazanaq, ancaq reallıq budur ki, bununla kifayətlənməliyik.

 

- Bu cür uğurlar əsasən gənc oyunçular üçün önəmlidir. Sizin kimi təcrübəli futbolçular üçün də bunu böyük uğur hesab etmək olarmı?

- Fərqi yoxdu, hansı yarış olur-olsun, medal qazanmışıqsa, deməli uğurlu çıxış etmişik. Gənclərin isə karyeraları qabaqdadı. Daha yaxşı yerlərə gələ bilərlər. Bu cür nailiyyətlər onları daha da motivasiya edəcək.

 

- Konkret sənin üçün bu çempionluğu ən karyeranın ən böyük uğuru saymaq olar?

- Mən Azərbaycan çempionu da olmuşam, digər uğurlarım da var, ancaq bu medalın yeri başqadı. Çünki İslam Oyunları böyük ajiotaja səbəb olan yarışdı. Məncə, bu medal hamısından dəyərlidi.

 

- Hansı oyundan sonra özünüz üçün yəqin etdiniz ki, bu yarışda medal qazana bilərsiniz?

- Qrupdan çıxdıqdan sonra inanırdıq və düşünürdük ki, niyə də çempion olmayaq?!

0