[b]“Bizim yerimizə namizəd çox idi” – Ağabala Ramazanov[/b]
22.05.2017 - 01:52
[b]“Bizim yerimizə namizəd çox idi” – Ağabala Ramazanov[/b]

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan futbol üzrə U-23 Azərbaycan millisinin hücumçusu Ağabala Ramazanov final oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Bu çempionluğun karyeranızda xüsusi yeri olacaqmı?

- Əlbəttə, heç vaxt yaddan çıxmayacaq bir qalibiyyət oldu. Eyni zamanda uğura gedən yolda gələcək nəsil üçün trampilin rolunu oynayacaq. Biz ilk addımı atdıq, bizdən sonra gələcək nəsil daha artığını etməlidi. Məsuliyyət artır. Final oyununa hazırlaşmaq üçün vaxtımız az idi. Amma cəmi bir qarşılama olduğundan, bütün gücümüzü qoyduq. Meydanda nə lazım idisə, hamısını etdik.

 

- İkinci hissədə sanki komanda dayanmışdı. Hesabı qorumağı düşünürdüz, yoxsa yorğunluq sözünü deyirdi?

- Yorulmamışdıq, çünki biz daha çox qaçırdıq. İkinci hissədə top rəqibdə idi, məcbur edirdi hərəkətdə olaq. İki top fərqi ilə irəlidə olmağımız bir qədər rahat oynamağımıza şərait yaratdı. Amma rəqib fərqi azaltdıqdan sonra yenidən oyunu bərabərləşdirməyə çalışdıq.

 

- Turnir ərzində qol buraxmayan millimiz final qarşılaşmasında qapısından ən gözəl qolu buraxdı...

- (gülür)  Bu sözləri bayaq mən də Şahruddinə dedim. Dedim qol buraxmadın- buraxmadın, amma axırda 25 metrlik məsafədən toru silkələdilər. Amma onu da alqışlamaq lazımdı, həqiqətən yaxşı çıxış etdi, bizə çox kömək etdi.

 

- Hansı oyun daha ğır keçdi?

- Mərakeşlə oyunu qeyd edərdim. Ən ağır, çətin oyunumuz o idi.

 

- İkinci hissədə baş məşqçi Yaşar Vahabzadə ilə dialoqunuz oldu. Nəyə irad bildirirdi?

- Dedi, durma. Oyun zamanı olur, bəzən dayanırsan. Bu komandanı Yaşar müəllim yığıb. Bizim yerimizdə olmağa namizəd çox futbolçu var idi. Bizə üstünlük verdiyinə görə, baş məşqçimizə təşəkkür edirik.

 

- Mükafatla bağlı hansısa məbləğ açıqlandımı?

- Dedilər ki, əziyyətinizi layiqincə dəyərləndirəcəyik. Konkret məbləğ demədilər. Tək idman növündə hər qalibə 150 min manat düşür. Amma komanda oyununda belə deyil.

 

- Azarkeşlərin stadionun əksər hissəsini doldurması təəccübləndirmədi sizi?

- Açığı, bizim hər birimizə azarkeş çox olduğuna görə cəmi 2 bilet vermişdilər. Buna görə gözləyirdik ki, stadion dolacaq. Gələnlərin hamısına təşəkkür edirik.

 

- İyunun 10-da necə, əsas millimiz bu arenada qələbə qazanıb, sevindirə biləcəkmi azarkeşləri?

- Biz də bunu istəyirik. Mayın 23-də komandanın Avstriyadakı toplanışına qoşulacam. Bilirik ki, Şimali İrlandiya ilə oyun bizim üçün vacibdi. Uşaqlarla danışıram, hamısı hazırlığın çox ciddi şəkildə davam etdiyini deyirlər. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

0