[b]Elxan Məmmədov: Ən qorxulu məqam... - MÜSAHİBƏ[/b]
22.05.2017 - 15:18
[b]Elxan Məmmədov: Ən qorxulu məqam...  - MÜSAHİBƏ[/b]

AFFA-nın baş katibi Milli Olimpiya Komitəsində keçirilən “Zəfər günləri”ndə jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, qurum rəsmisi IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan komandamızın çıxışını yüksək dəyərləndirib.

 

- Futbol üzrə Azərbaycan yığmasının İslam Həmrəyliyi Oyunlarında ilk hədəfi qrupdan çıxmaq olsa da, komanda turniri çempion kimi başa vurdu. Bunu gözləyirdinizmi?

- Əsas odu ki, komanda ilk oyundan mübarizə futbol göstərməyi bacardı. Kameruna qarşı keçirilən ilk görüşdən sonra biz artıq final barədə düşünürdük. Çünki gördük ki, komanda qarşısında maksimum hədəf qoyub. İkinci matçdan sonra isə yığmamızın finala qədər irəliləyəcəyinə şübhəmiz qalmadı. Lakin futbolda sürprizlər həmişə olur. İslamiadada yığmamız komanda ruhunu ortaya qoydu və bütün Azərbaycan futbolsevərlərini sevindirdi. Baş məşqçiyə, məşqçilər korpusuna, komandanın hər bir üzvünə çox sağ ol demək istəyirəm və onları təbrik edirəm. Bu komandanın təlim-məşq toplanışı keçmək üçün çox vaxtı da olmadı. U-23 komandası ilk toplanışına martda başladı. Buna baxmayaraq, kollektiv 2 ay ərzində məsuliyyəti dərk etdi və ilk turnirlərindəcə hədəfə çatdı.

 

- I divizion klublarına apelyasiya müraciəti üçün 10 gün vaxt verilmişdi və artıq son gündü. Bu məsələdə son durum necədi?

- Bu günə qədər heç bir komanda müraciət etməyib. Buna görə də apelyasiya baş tutmayacaq. Sizin də qeyd etdiyiniz kimi, son gündü. Hələ də heç kim müraciət etməyib.

 

- Bu nəticədən sonra Yaşar Vahabzadə və məşqçi korpusu ilə yeni müqavilə imzalamaq barədə düşünmürsüz?

- Yaşar müəllim U-21 yığmamızın baş məşqçisidi. O, artıq iki ildi ki, eyni heyətlə işləyir və futbolçuları yaxşı tanıyır. Bunu nəzərə alıb İslamiadada çıxış edəcək komandamızı həmin məşqçilər korpusuna tapşırdıq. Təbii ki, o, U-21-də işini davam etdirəcək.

 

- Əsas yığmamızın baş məşqçisi Robert Prosineçkinin necə bu komandadan bəyəndiyi olubmu? Bu barədə onunla danışmısızmı?

- İlk 3 matçı və yarımfinalı Prosineçki izləyib. Təbii ki, Şimali İrlandiya ilə oyundan sonra öz fikrini bildirəcək. Biz qısa olaraq söhbət etdik və bildirdi ki, yaxşı perspektivli futbolçular var. Rəqiblərə gəlincə, AFFA UEFA-nın üzvüdü. Avropa komandalarına qarşı oynamaq çətin olsa da, bizim üçün daha asandı. Çünki onları tanıyırıq və onlara qarşı oynamışıq. İslamiadada isə sürpriz rəqiblər idi. Şimali Afrika komandaları təmsil olunurdu. Bildiyini kimi, burda olan komandalardan hər dünya çempionatında da sürprizlər gözlənilir. Ən qorxulu məqam onların da Bakıda sürpriz edə bilməsi idi. Buna görə də ilk oyunlarda komandaya məsuliyyətli çıxış etmək çox vacib idi.

 

- İslamiadadakı qalibiyyət yeni Dövlət Proqramı üçün bir səbəb ola bilərmi?

- Ola bilər. Amma bu artıq dövlətdən asılı olan məsələdi.

 

- Bir qədər öncə “Ayntraxt”la 3 illik müqavilə bağlayan Renat Dadaşovun yığmadan gedişi ilə bağlı söz-söhbətlər gəzir. Bu, nə dərəcədə doğrudu?

- Renat Dadaşovun “Ayntraxt”la müqavilə bağlaması sevindirici haldı. Bu yaxında ad günü oldu və komandası onunla ilk peşəkar müqavilə bağlayıb. Təbii ki, bu bizi sevindirir. Düşünürəm ki, Daşaşov gələcəkdə millidə oynayacaq. FİFA müvafiq qərarı qəbul edib.  

 

0