[b]“Prezidentin dəstəyindən sonra Avropa çempionu oldum” - MÜSAHİBƏ[/b]
23.05.2017 - 09:54
[b]“Prezidentin dəstəyindən sonra Avropa çempionu oldum” - MÜSAHİBƏ[/b]

IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış taekvondoçumuz Məhəmməd Məmmədovun apasport.az saytına müsahibəsi

 

- İslamiadada imza atdığınız nəticə sizi qane etdimi?

- Yarışda 3 döyüş keçirdim. Əvvəlcə İndoneziya, ardınca Mərakeş, daha sonra isə Qazaxıstan idmançısı ilə qarşılaşdım. İkisinə qalib gəlsəm də, sonuncu döyüşümdə məğlubiyyətlə üzləşdim. Nəticə bundan da yaxşı ola bilərdi. Hamı məndən “qızıl” gözləyirdi, amma bürünc medal qazandım. Yenə də şükür edirəm. Düzdü, qazaxıstanlı rəqibim Alimjan Serikbayevə qalib gələ-gələ, sona 3 saniyə qalmış uduzdum. Buna bir az məyus oluram.  

 

- Qələbəni son saniyələrdə əldən verməyinizi təcrübəsizliklə əlaqələndirmək olar?

- İdmanda belə hallar olur, heç kim bundan sığortalanmayıb. Mən gənclər arasında Avropa və dünya çempionu adını qazanmışam. Bu yarışa da iddialı qatılmışdım. Sonuncu rəqibim məndən 4 yaş böyük idi. Ola bilər ki, məğlubiyyətdə gənc olmağım, sizin də qeyd etdiyiniz kimi, təcrübəsizliyim rol oynadı. Gələcəkdə belə səhvlərə yol verməməyə çalışacam.

 

- I Avropa Oyunlarında son anda uduzaraq, medal qazana bilməmişdiniz. Həmin vaxt ölkə başçısı sizə zəng edərək, tələsməməyi məsləhət görmüş, gələcəkdə nəticə qazanacağınızı demişdi. Bu dəfə əldə etdiyiniz bürünc medalı irəliləyiş saya bilərik?

- Düz qeyd etdiniz, Avropa Oyunlarında uduzandan sonra cənab prezident İlham Əliyev mənə dəstək oldu. Həmin dəstəkdən sonra klublararası Avropa çempionu oldum. Mən “Qəbələ” klubunun üzvüyəm. Daha sonra dünya kubokunun çempionu adını qazandıq. İslam Həmrəyliyi Oyunlarında isə bürünc medala layiq görüldüm. Düzdü, ölkəmizdə keçirilən yarışda “qızıl” əldə etmək istəyirdim, amma qismət olmadı.

 

- Qarşıdan dünya çempionatı gəlir. Uğurun ardını bu mötəbər yarışda da gətirə biləcəksiniz?

- İyunun 24-dən Cənubi Koreyada dünya çempionatı keçiriləcək. Hər birimiz üçün vacib turnirdi. Hədəfim dünya çempionu olmaqdı. İnşallah, yarışdan qızıl medalla qayıdıb, hamını sevindirərəm.   

 

0