[b]Narkotik alverçisi idi, zirvəyə yüksəldi[/b]
23.05.2017 - 10:01
[b]Narkotik alverçisi idi, zirvəyə yüksəldi[/b]

Avroliqanın finalında “Olimpiakos”a qalib gələn “Fənərbaxça”nın basketbol komandasında zəfəri Türkiyə bayrağı ilə qeyd edən yeganə idmançının Bobbi Dikson olması azarkeşlərin diqqətindən yayınmayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “cəsur ürək” ləqəbli basketbolçu parlaq karyera ilə yanaşı, filmə çəkilə biləcək həyata da sahibdi.

 

Bobbi Dikson 1983-cü il aprelin 10-da Çikaqoda narkotik maddə sataraq dolanan bir ailədə dünyaya göz açıb. O da ailə üzvləri kimi, bu işlə məşğul olduğu üçün həbsxana həyatı yaşayıb. Hətta Dikson ailəsi 2001-ci ildə eyni həbsxanada saxlanılıb.

 

1996-cı ildə Bobbinin qardaşı Brayan kürəyindən bıçaqlanaraq öldürülüb. Həmin vaxt həbsdə olan anası oğlunun dəfn mərasiminə əlləri qandalda qatılıb. Bobbi həyatının dönüş anı kimi gördüyü həbsxanadan təxliyə olan kimi, təmiz həyata üstünlük verib. Çikaqoda gündüzlər karqo şirkətində, axşamlar isə çimərliklərdə çalışmağa başlayıb.

 

Həmin vaxt Brayan Makkinninin məsləhəti ilə basketbola yazılıb. Böyük istək və dayanmadan çalışmaq onu böyük basketbolçuya çevirib. Boyu qısa (1.78 m) olduğu üçün NBA-da oynamaq şansı əldə edə bilməyəcəyini düşünərək, Avropaya addım atıb. Bu seçim isə onu böyük zəfərlərə daşıyıb.

 

Türkiyədə ilk klubu “Pınar Karşıyaka” olub. Fransa və İtaliya karyerasından sonra 2012-ci ildə bu komandaya keçən “cəsur ürək” 3 ildən sonra Türkiyə vətəndaşlığını qəbul edib və Əli Məhəmməd adını alıb. 2015-ci ildə “Fənərbaxça”nın yolunu tutan oyun qurucusu keçmişini heç cür unuda bilmir və o günləri belə xatırlayır: “Məni tanıyırsınızsa, başıma gələnləri, məktəbdə oxuyanda həbsə düşdüyümü, nə yaşadığımı bilirsiniz. Kalibrinin kirli mühitindən çıxmış, bu vəziyyətə gəlmək üçün çox əziyyət çəkmiş bir insanam. Məni ən şöhrətli insanlar kimi təbrik etməlisiniz. Bu səviyyəyə gəlmək üçün ailədaxili problemləri necə aşdığımı bilməlisiniz. Məni palçığın içindən çıxan milyonçu kimi yox, layiqli şəkildə yüksələn bir oyunçu kimi salamlayın”.

 

34 yaşlı basketbolçu Avroliqanın qalibi olduqları zaman Türkiyə bayrağına bürünməsinə də aydınlıq gətirib. Türkiyə yığmasının da formasını geyinən Dikson “ay-ulduzlu” bayrağı özünə doğma bildiyini deyib: “Mərasimdə Türkiyə bayrağı ilə gəzdim, çünki mən bir türkəm və adım Əli Məhəmməddi. Burda yaşayıram, bu ölkə üçün oynayıram və özümü türk sayıram”.

 

 

0