[b]Azad Rəhimov: İslamiada Rio Olimpiadasından çox yaxşı təşkil olunub[/b]
23.05.2017 - 16:57
[b]Azad Rəhimov: İslamiada Rio Olimpiadasından çox yaxşı təşkil olunub[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri, yarışın baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq, Milli Olimpiya Komitəsinin, eyni zamanda, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər.

 

Rəhimov bildirib ki, mayın 12-22-də Bakıda keçirilmiş İslamiada Azərbaycan millisi üçün uğurlu alınıb: “Bu gün qələbəni qeyd edirik. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu gün idmançıları qəbul edərkən vurğuladı ki, Rio-2016-da qazandığımız nəticə bu dəfə də öz əksini tapdı. Komandamız Olimpiadada olduğu kimi islam ölkələri arasında birinci oldu. Bu gün 162 medal, o cümlədən 75 qızıl, 50 gümüş, 37 bürünc mükafat qazanan Azərbaycan çox yaxşı nailiyyət göstərib. Bakıya gələn 54 ölkənin 70 faizi fəxri kürsüyə yüksəlib. 2 il ərzində planlaşdırılan işlərimiz bütün sahədə həyata keçib. Bunu təhlükəsizlik, nəqliyyata aid etmək olar. Düzdü, açılış mərasimində nəqliyyatla bağlı bir balaca problem oldu. Amma bu bağlanış mərasimində yaşanmadı. 16 idman obyektində və yayımda hansısa çətinlik yaşanmadı. Qürurla deyərdik ki, Bakıda baş tutan İslamiada Rioda keçirilən Yay Olimpiya Oyunlarından daha yüksək səviyyədə təşkil olunub. Biz istənilən böyük yarışı uğurla keçirmək gücünə malikik. Bütün komanda hər şeyi yüksək səviyyədə bacardı. Bizlə birgə könüllülər və 1500-dək işçi çalışdı. Onlarla vidalaşmağa çətinlik çəkirik”.

“Bizim üçün onlar legioner adını daşımırlar. Onların hər biri komandamızın üzvüdü. İdmançılara ayrı gözlə baxılmır. Yığmada sınaq döyüş və ya oyunlardan sonra ən güclülər əsas komandada yer alırlar”.

Nazirin sözlərinə görə, bəzi yığmalar mayın 25-dək Atletlər kəndində qalacaq.

 

Rəhimov bilet satışı ilə bağlı da danışıb. O bildirib ki, satışa çıxarılan 500 min biletdən 360 mini satılıb: “Təxminən 2,5-3 milyon manatlıq bilet satılıb. Ümumilikdə Azərbaycana 59 ölkədən tamaşaçı gəlib”.

 

Nazir mükafatçılara veriləcək yüksək mükafatı Avropa Oyunlarında fərqlənənlərlə eyniləşdirildiyini də deyib: “Amma o vaxtı ilə indiki 150 min manat eyni deyil. Açılış və bağlanış mərasimlərinə gəlincə, onlara büdcədə 20 milyon dollar nəzərdə tutulmuşdu. Hələ xərclər tam hesablanmayıb və son mərhələdə açıqlayacağıq”.

 

Rəhimov yığmamızdakı legionerlə bağlı da danışıb. O bildirib ki, millətinə baxmayaraq azarkeşlərimiz onların hər birini alqışlayırlar: “Bizim üçün onlar legioner adını daşımırlar. Onların hər biri komandamızın üzvüdü. İdmançılara ayrı gözlə baxılmır. Yığmada sınaq döyüş və ya oyunlardan sonra ən güclülər əsas komandada yer alırlar”.

 

Azərbaycana, İslamiadanın Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya xüsusi təşəkkür edən Dahruq bildirib ki, Bakı yarışı çox yüksək səviyyədə keçirib. Onun sözlərinə görə, Azərbaycan böyük idman yarışlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil etməyə qadir ölkədi: “Təbii ki, burda da kiçik problemlər oldu. Amma bu yüksək təşkilatçılığa kölgə salmadı. Burda Beynəlxalq Olimpiya Komitəsinin üzvləri də vardı. Deyərdim ki, təşkilatçılıq Riodan çox yaxşı oldu”.   

 

Nazir Türkiyə millisinin İslamiadada çıxışını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, 195 medal qazanan komandanın qələbəsinə Azərbaycan xalqı çox sevinir: “Növbəti dəfə İslam Oyunları Türkiyədə keçiriləcək. Onlar kimi biz də İstanbula ən güclü heyətimizi, idmançılarımız göndərəcəyik”.  

 

Hüseynzadə yarışa böyük heyətlə qatılan yığmamızın çıxışından danışıb. O vurğulayıb ki, millimiz Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da böyük uğura imza atıb: “Biz deyirik ki, 162 medal qazanmışıq. Amma mükafatlarımızın sayı bəlkə də 250-di. Çünki bizim həndbol, voleybol, basketbol və futbol komandalarımız da medal qazanıblar. Komandamızın 70 faizdən çoxu İslamiadanın mükafatçısıdı. Rioda hər 3 idmançımızdan biri medal qazanmışdısa, burda ondan da yüksək nəticə əldə etdik. Biz təkbətək idman növlərində uğurlara öyrəşmişik. Demək olar ki, İslamiadada bütün növlərdə medal qazandıq. Bu Azərbaycanda idmanın hərtərəfli inkişafının bariz nümunəsidi”.

 

Hüseynzadə əsasən veteran idmançılardan qələbə gözlədiyini də gizlətməyib: “Rəfael Ağayev, Elxan Məmmədovun qələbə qazanmağı məni çox sevindirdi. Eyni zamanda, gənclərin qalib gəlməsi də yerinə düşdü. Mən Azərbaycan Atletika Federasiyasının prezidenti kimi Nazim Babayevlə Anna Skidanın nəticəsini xüsusi vurğulayardım. Ümid edirəm ki, onlar Tokio-2020-də medalçılar sırasında olacaqlar. Ruslan Lunyovun nəticəsi uğurludu. Futbolçularımız, basketbolçularımızın, kişi voleybolçularımızın, həndbolçularımızın və suyatullananlarımızın çıxışı alqışalayiqdi”.

 

0