[b]“Qarabağ” tarixi anla üz-üzə[/b]
24.05.2017 - 14:52
[b]“Qarabağ” tarixi anla üz-üzə[/b]

Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer ala bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün ilk növbədə Ağdam klubunun özünün II təsnifat mərhələsini adlaması vacibdi.

 

Qurban Qurbanovun yetirmələri ilk sınağını keçirəcəyi bu mərhələdə səpələnmişlər olduğundan turu adlayacağı gözlənilir. Lakin III təsnifat mərhələsinin püşkatması iyulun 14-də baş tutacaq. Yəni, əvvəlki mərhələ başa çatmamış keçiriləcək.

 

Bu da o deməkdi ki, püşkdə əsasən cütlüklər iştirak edəcək. Cütlər də daha yüksək reytinqli komandanın əmsalına görə səbətlərə bölünəcək. “Qarabağ” öz cütündə daha güclü sayıldığından onların əmsalı III təsnifat mərhələsinin püşkü zamanı həlledici olacaq.

 

Mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq “Olimpiakos”, həmçinin 2-ci raundun ən yüksək reytinqli 8 və ya 9 komandasının yer aldığı cütlük səpələnmişlər sırasında yer alacaq.

 

Ümumilikdə, bu səbətdə 10 komanda yer almalıdı. Birbaşa yarışa qatılacaq Çexiya təmsilçisinin səbəti bilinmir. Çünki bu ölkədə çempion bəlli deyil.

 

Hesabında 18,050 xal olan “Qarabağ” II təsnifat mərhələsinin 8-ci komandasıdı. Bu isə o deməkdi ki, çempionumuz III təsnifat mərhələsindən mübarizəyə qoşulmaq iddiasında olanlar arasında 9-cu yerdədi.

 

Bəzi Avropa ölkələrinin çempionu bilinmədiyindən ağdamlıların mövqeyi dəyişə bilər. Əslində, yalnız iki çempion “Qarabağ”ı arxada qoymaq gücündədi. Bunlar Polşa və Çexiyadı.

 

Əgər bu ölkələrin ikisinin də çempionu daha yüksək reytinqli olsa, Azərbaycan klubu səpələnməmişlər sırasına düşəcək və güclü rəqiblə qarşılaşmaq təhlükəsi yaranacaq. Bundan qaçmaq üçün isə Çexiya və ya Polşa çempionlarından birini üstələmək yetər. Bu isə həmin ölkələrin çempionatının gedişindən asılıdı.

 

Çexiyada sona bir tur qalmış çempionluğa iki namizəd var. Reytinqi 8,135 xal olan “Slaviya” ən yaxın izləyicisi “Viktoriya”dan 2 xal öndədi. Sonuncuların reytinqi “Qarabağ”dan çox yüksəkdi – 40,635. Buna görə də çempionumuza “Slaviya”nın qızıl qazanması sərf edir. Bu, təmsilçimizi indidən III təsnifat mərhələsinin səpələnmişinə çevirir.

 

Əgər Çexiyada istədiyimiz komanda çempion olmasa, ümidlər sonuna iki tur qalan Polşaya yönələcək. 28,450 xala malik “Legiya”nın liderliyi isə heç də bizə ümid vermir. Düzdü, liderdən 2 xal geri qalan “Lex” (10,950), “Yagelloniya” (4,450) və “Lexia” (3,950) reytinqdə geridədi. Ümid onlardan birinin çempionluğuna qalacaq.

 

İndiyədək heç vaxt Azərbaycan klubu Çempionlar Liqasının III təsnifat mərhələsində səpələnmişlər səbətində olmayıb. 2009/10 mövsümündə “Bakı”, 2012/13 mövsümündə “Neftçi”, ardıcıl son üç ildə isə “Qarabağ” bu raundda çıxış edib. Lakin bu 5 cəhdin hamısında komandamız səpələnməmiş olub və önünə güclü rəqib çıxıb. “Qarabağ” səpələnmişlərdən olsa, bununla ilkə imza atacaq.

 

0