[b]“Azərbaycana qalib gəlsək, bu, digərlərinə mesaj olacaq”[/b]
25.05.2017 - 16:25
[b]“Azərbaycana qalib gəlsək, bu, digərlərinə mesaj olacaq”[/b]

“Azərbaycana qalib gəlsək, bu, digər komandalar üçün mesaj olacaq. Etmək istədiyimiz şey də məhz budu”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının futbolçusu Kayl Lafferti deyib.

 

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da millimizin qonağı olacaq.

 

Azərbaycanla oyuna hazırlıq prosesində iştirak edən Lafferti ölkəsinin mətbuatına açıqlama verib. Şimali İrlandiya yığmasının daha “asan yem” olmadığını bildirən 29 yaşlı hücumçu komandasından qələbə gözlədiyini vurğulayıb.  

 

O, Bakıdakı matçda favoritin Şimali İrlandiya olduğunu qeyd edib: “İndi biz favorit qismindəyik və təzyiq altında oynaya, qələbə qazana bilirik. Bundan əlavə, yaxşı oyun sərgiləməyi də bacarırıq. Lazım olanda pis oyun göstərməklə də, nəticə əldə edirik. San-Marino, Azərbaycan, hətta Norveçlə matçda da göstərdik ki, qələbə qazanmaq üçün hər cür imkanımız və xarakterimiz var”.

 

2006-cı ildən yığmanın formasını geyinən və millidə 58 oyunda 20 qola imza atan Lafferti Azərbaycanla görüşün onlar üçün böyük önəm kəsb etdiyini deyib: “Bakıda vacib matça çıxacağıq. Qrupda keçirdiyimiz əvvəlki görüşlərdə yaxşı nəticə əldə etməklə, seçmə mərhələyə uğurlu start verdik. Düşünürəm ki, bunun ardını gətirə bilərik. Növbəti 3 oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla matç da bu siyahıdadı. Daha sonra isə San-Marino və Çexiya ilə qarşılaşacağıq. Əgər düşündüyümüz qələbələri əldə edə bilsək, pley-off mərhələsinə yüksələcəyik”.  

 

Qeyd edək ki, C qrupunda geridə qalan 5 turdan sonra aktivində 10 xal olan Şimali İrlandiya yığması ikinci, 7 xala malik millimiz isə dördüncü pillədə qərarlaşıb.

0