[b]Elxan Məmmədov məktəblilərə kubok təqdim etdi[/b]
26.05.2017 - 16:16
[b]Elxan Məmmədov məktəblilərə kubok təqdim etdi[/b]

“Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin birgə layihəsi olan yarışın final qarşılaşmasında Suraxanı rayonundakı 141 saylı məktəbin komandası ilə Qaradağ rayonunda yerləşən 106 saylı məktəbin komandası qarşılaşıb.

 

Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 saylı məktəbin komandası turnirinin 2016/2017-ci il mövsümünün qalibi olub. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

 

Turnirin ən yaxşı oyunçusu Suraxanı rayonundakı 141 saylı məktəbin komandasının kapitanı Nicat Quliyev seçilib. Həmin məktəbin şagirdi Hüseyn Quliyev 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. “Fair Play” mükafatına isə Qaradağ rayonundakı 106 saylı məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb.


Liqanı üçüncü pillədə başa vurmuş Gəncə şəhərinin 24 saylı orta məktəbinin komandası, ikinci yeri tutmuş Qaradağ rayon 106 saylı məktəbin komandası və turnirin qalibi Suraxanı rayonu 141 saylı məktəbin komandası müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Çempion komandaya kuboku təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib.

 

Mənbə: affa.az

0