“Ovyedo”, “Tondela”, “Duqopolye”... Elnur Cəfərov bu klubların heç birində duruş gətirə bilmədi. İspaniya aşağı dəstə klubunda bəyənilmədi, Portuqaliyadan yersiz qalmaqala görə ayrıldı, Xorvatiyanın divizion təmsilçisində də heyətə düşməyi bacarmadı.
“Xəzər Lənkəran”ın ölkə futboluna qazandırdığı ən istedadlı futbolçu olan Elnur indi ortada qalıb. Yarımmüdafiəçi AFFA-dakı işbazların qazanmaq hərisliyinin qurbanına çevrildi və indi heç kimə lazım deyil.
Cəfərovun istedadına heç kimin şübhəsi yoxdu. Amma onun legioner karyerası yaşaması üçün tez idi. Düzdü, Avropada elə bu yaşda olan futbolçulara tələbat var, 25-26 yaşı olanlar artıq perspektivsiz hesab olunur, klublar onlar üçün böyük pullar xərcləmir. Bununla belə, azərbaycanlı futbolçu üçün fərqli reallıqlar var, standartlar başqadı. Bizimkilər üçün 19 yaşında ölkədən kənara çıxmaq meşədə azmaq kimi bir şeydi. Elnur bunu bir daha təsdiqlədi.
Bu məsələdə mühit də rol oynayır, futblçunun keçdiyi məktəb, gördüyü tərbiyə də. Ötən il qısa bir müddətdə bum yaşandı: futbolçularımızın bir neçəsi xarici kluba keçdi. Amma təsnifatlanmaya baxın:
Azərbaycanda yetişən
Elnur Cəfərov lazımsız çıxdı;
Kamran Ağayev atası üçün darıxıb, mövsüm başa çatmamış vətənə qayıtdı, indi də AFFA-nın, milli məşqçilərinin dəstəyi ilə sığınmaq üçün klub axtarır;
Budaq Nəsirov da yol üstədi, hətta əvəzedici komandada möhkəmlənə bilmədi, meydanda olmaya-olmaya komandasının qapısına penalti təyin etdirdi;
Xarici futbol məktəblərinin yetirməsi olan
Emin Mahmudov yenə “Boavışta”da qalmağı bacardı, bacarsa, daha yaxşı kluba gedəcək, bacarmasa, Rusiyada aşağı dəstədə oynayacaq;
Ramil Şeydayev “Trabzonspor”da işlər alınmayanca “Jilina”ya üz tutdu, “Neftçi”nin təklifinə gözünün ucu ilə də baxmadı;
Dmitri Nazarov da onun kimi – Almaniyada tez-tez klub dəyişir, amma Topaz Premyer Liqasına gəlməyi ağlına da gətirmir
və i. və s.
Milli komandalarımızın meneceri olan Riad Rəfiyev Elnurun bu transferlərindən kifayət qədər “qatladı”, indi isə sırımaq üçün ölkə xaricində klub yoxdu. Cəfərovun vizit kartında milli üzvü olmasından başqa hansısa müsbət qeydə rast gəlmirik. Yığmaya da elə Rəfiyevin sayəsində çağırılırdı, lakin indi o da gücsüzdü, çünki milli məşqçiləri məhv edilmiş idtedada görə qınağa tuş gəlmək istəmirlər. Yaşar Vahabzadə İslamiadada onu əsas heyətə qoymadı, sadəcə, Riadın xahişinə görə düşərgəyə çağırdı və karyerasına bu yarışların qalibi olması barədə qeyd, bir də meneceri ilə birgə xərcləməyə payına 50-60 min pay düşdü. Xarici klublar üçün isə bu titulun heç bir önəmi yoxdu.
İndi Rəfiyev ona pul qazandıran bu futbolçudan yenə istifadə etmək istəyir. Gələcəkdə hansısa xarici kluba göndərmək, öz faizini qazanmaq üçün Elnurun oynaması, formaya düşməsi, özünü sübut etməsi lazımdı. Harada? Ölkə klublarından heç biri onu yaxına qoymur. Hətta AFFA-nın maliyyələşdirdiyi komandalar da bu işdə maraqlı deyil. “Səbail”də Samir Əliyev, “Kəpəz”də Şahin Diniyev Riadın tapşırığına baş əyməz, “İnter”də isə məlum transfer qadağası var.
Elə bu səbəblərdən Rəfiyev Cəfərovu “Neftçi”yə göndərir. Klub rəhbərliyi bir boşqabdan yemək yediyi insanlardı, baş məşqçi Elxan Abdullayevlə də yığmada bir yerdə çalışırlar. Məhz belə dostluq, tanışlıq prinsiplərinə görə Elnur növbəti dəfə “yandırılmaq üçün” paytaxt klubuna göndərilir. Halbuki hamının nəticə istədiyi, böyük təzyiq altında olacaq komandadansa, yarımmüdafiəşi rahat oynayacağı, basqı hiss etməyəcəyi bir kollektivdə oyun praktikası qazanmalı, özünə gəlməli idi.
Futbolçudan “pul qırmaq” istəyən menecerlər belə düşünmür. “Neftçi”nin yerli oyunçu axtardığını əldə bayraq edib, bu transferə don geyindirəcəklər. Rəfiyev bəlkə xorvatlara hətta transfer haqqı da ödətdirib – burdakı da dostlarıdı, oradakı da. Pulu ödəyən yığmadakı məşqinin komandası, alan millinin baş məşqçisinin həmvətənləri – hansı ki, Rəfiyev onlarla elə Robert Prosineçkinin sayəsində iş ortağı olub. Dostluq, qohumluq, tanışlıq bağları o qədər möhkəmdi ki, ortada fırlanan yüzminləri bir cibdən o birisinə ötürmək çətin olmamalıdı.
“Neftçi”nin əcnəbi transferlərində monopoliyanı Kamil Məmmədov əlinə alıb. O, vaxtilə “Standard”da işçisi olan icraçı direktor Orxan Hüseynzadəyə istədiyi əcnəbini bəyəndirir, istədiyi müqaviləyə qol çəkdirir. Yerli oyunçularla, milli üzvləri ilə bağlı işləri isə yığma komandanın meneceri Riad bəy həll edir. Beləliklə, Rəfiyevin hazırda əsas işi Elnurun transferini yekunlaşdırmaqdı. “Xəzər Lənkəran”ın məhv edilmiş istedadının quru adını indi onun əzəli rəqibinə calayacaqlar. Cənublu fanatların Cəfərovu bağışlayıb-bağışlamayacağını bilmirəm, amma futbol tanrısı nə istedadına xəyanət edən Elnuru, nə də ondan pulqazanma makinası kimi istifadə edən işbazları əfv etməyəcək.
(futbolinfo.az)