[b]Denis Silva: Dəyişən heç nə yoxdusa, biz nə edə bilərik?! – MÜSAHİBƏ[/b]
29.05.2017 - 00:00
[b]Denis Silva: Dəyişən heç nə yoxdusa, biz nə edə bilərik?! – MÜSAHİBƏ[/b]

“İnter”in müdafiəçisi Denis Silvanın apasport.az saytına müsahibəsi.

 

- Mövsümün stresini ata bildinizmi?

- Yaxşı istirahət elədiyimi deyə bilərəm. İki həftə Braziliyada dostlarımın, ailəmin əhatəsində oldum. Anam da bizim evə qonaq gəlmişdi. Mənim evim Sao-Paulodadı, anam isə İmperatris şəhərində yaşayır. Bu şəhərlər bir-birindən çox uzaqda yerləşir. Ona görə də anam bizi ziyarətə gəldi.

 

- Yəni problemlərdən bir müddətlik də olsa uzaqlaşdınız?

- Əlbəttə, istirahət çox yaxşı təsir etdi. Anamı uzun müddət idi görmürdüm. Bacımı da həmçinin. Onların əhatəsində olmaq, dostlarla xoş dəqiqələr keçirmək beyini “refreş” etmək üçün kifayət etdi. Özümü çox rahat hiss edirəm.

 

- Məşqlərə nə vaxtdan qoşulmusunuz?

- İlk gündən hazırlığa qatılmışam. İndi bərpa məşqləri keçirik. Hazırlığın əsas hissəsi ölkə xaricindəki toplanışa keçiriləcək.

 

- Komanda yoldaşlarınız istirahətdən necə dönüblər?

- Əgər əlavə çəkini nəzərdə tutursunuzsa, istirahət yalnız yeyib, yatmaqdan ibarət deyil. Biz məşqlərimizi dincələn zaman da davam etdiririk. Hər birimizin hazırlıq planı var və artıq çəki yığmamaq üçün bu rejimə əməl edirik. Düzdü, fərdi məşqlər kollektiv çalışmaların yerini vermir. Ona görə də 2 kilo artıq çəki ilə dönmüşəm. Ancaq tezliklə bunu yoluna qoyacam.

 

- Yeni müqavilə imzalamısınızmı?

- Hələ yox, amma yeni prezidentlə söhbətimiz olub. O, komandada qalmağımı və uğur qazanmağımız üçün əlimizdən gələni etməyi tapşırıb. Hansısa problem olmayacaq. Yaxın günlərdə anlaşmaya imza atacağıq.

 

- Mövsüm bitdikdən sonra komandadan ayrılanlar oldu. Səlahət Ağayevlə Abbas Hüseynov başqa komandaya keçdi, Zurab Xizanaşvili isə karyerasını bitirdi. Onların gedişi “İnter”ə necə təsir edəcək?

- Məlum səbəbdən “İnter” heyətə yeni futbolçular dəvət edə bilmir. Əlbəttə, gedən futbolçular komanda üçün vacib oyunçulardı. Hələ Adrian Skarlatakenin qalıb-qalmayacağını bilmirəm. Təəssüf ki, biz təcrübəli futbolçuları itirdik. Düzdü, komandada onların mövqeyinə çıxış edəcək oyunçular var, amma çempionat üçün geniş heyət lazımdı. Zədələnən, cəzalanan futbolçular olacaq ki, onda meydana çıxmaq, boşluqları doldurmaq lazımdı. Gedənlərin olması pis haldı. Hər birinin təcrübəsindən faydalanmaq olardı.

 

- Xüsusilə də avrokubok oyunlarında təcrübəli futbolçulara çox ehtiyac var…

- Gedənlər vacib futbolçulardı. Amma gediblərsə, vəziyyətlə barışmaq lazımdı. Ağlamaqla heç nə düzələn deyil. Komandada qalan futbolçular da zəif deyillər. Vacib olan səfərbər olmaq, uğur qazanmaq üçün bacardığını istifadə etməkdi.

 

- Yeni prezidentin təyinatı gələcək üçün nə vəd edir?

- Bizim söhbət etmək üçün geniş vaxtımız olmadı. Mövsümün sonunda transferlə bağlı danışdıq. Bu söhbət istirahətdən əvvəl baş tutmuşdu. Sonra isə Braziliyaya yollandım. Gələcək üçün yaxşı nələrsə vəd edə bilər. Yeni rəhbərlik komandanı hazırkı durumdan qurtarmaq üçün gəlib. Təbii ki, futbolçularda özünəinam üçün bu vacib məqamdı.

 

- Yeni mövsümdə yenə 8 komanda yarışacaq. Darıxdırıcı deyil?

- Niyə 8? Axı istirahətdən əvvəl deyirdilər ki, aşağı dəstədən daha çox komanda gələcək Premyer Liqaya. Bəs nə baş verdi? Niyə bir komanda ilə kifayətləndilər? Yəqin maliyyə məsələsi yenə həlledici olacaq. Komandaların sayının çoxalması oyun sayının çoxalması deməkdi. Amma dəyişən heç nə yoxdursa, biz nə edə bilərik?! Darıxsaq da, darıxmasaq da mübarizəmizi aparacağıq. Komandalar bir-birini yaxşı tanıyır.

 

- İstirahət zaman başqa klublardan təklif almışdınızmı?

- İki klub heyətinə cəlb etmək istəyirdi. Onlardan biri Səudiyyə Ərəbistanı təmsilçisi idi. Onlar menecerimlə danışmışdılar. Menecerimə getmək istəmədiyimi dedim, onlar özümlə görüşməyə çalışdılar. Düşündülər ki, fikrimi dəyişəcəm, amma buranın daha rahat olduğunu bildirdim. Çünki 6-7 ildi bu ölkədə çıxış edirəm. Digər təklifi isə Braziliya klubundan almışdım. Onlara da gələ bilməyəcəyimi dedim.

0