[b]"Azərbaycanla matç bizim üçün böyük oyundu"[/b]
29.05.2017 - 17:18
[b]"Azərbaycanla matç bizim üçün böyük oyundu"[/b]

“Tənqidlərə ən gözəl cavabı yaxşı oyunla vermək olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Qaret Makauli deyib.

 

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da millimizin qonağı olacaq.

 

Ölkəsinin mətbuatına açıqlama verən 37 yaşlı mərkəz müdafiəçisi bu görüş haqda da danışıb. “Vest Bromviç”in üzvü Rusiyada keçiriləcək dünya çempionatında iştirak etmək istəyində olduqlarını bildirib: “Biz üzərimizdə həmişə təzyiq hiss etmişik. Bununla belə, Avropa çempionatında imza atdığımız nəticənin ardını gətirmək xoş olardı. Məlum məsələdi ki, qarşımıza dünya çempionatının iştirakçısı olmaq məqsədini qoymuşuq”.

 

Makauli Bakıda keçiriləcək görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycanla matç bizim üçün böyük oyundu. Şərtlər ağır olacaq. İsti havada oynayacağıq. Ümid edirəm ki, futbolçularımız ağır mövsümə rəğmən, yaxşı formada ola biləcəklər. Biz bu çətin missiyanın öhdəsindən gəlmək gücündəyik. Qrupdakı vəziyyət baxımından da Bakıdakı görüş önəmlidi. Bu matçdan 3 xalla ayrıla bilsək, səbirsizliklə növbəti görüşləri gözləyəcəyik. Həmin oyunları öz meydanımızda keçirəcəyik. Yeri gəlmişkən, son vaxtlar “Vindzor Park”da özümüzü yaxşı tərəfdən göstəririk”.

 

Qeyd edək ki, Qaret Makauli 2005-ci ildən Şimali İrlandiya yığmasına dəvət alır. O, millidə keçirdiyi 70 oyunda 9 qola imza atıb.

0