[b]“Yaxşı formada olduğunu Bakıda göstərəcək” – Maykl Onil[/b]
30.05.2017 - 10:25
[b]“Yaxşı formada olduğunu Bakıda göstərəcək” – Maykl Onil[/b]

“Boys yaxşı formadadı və Azərbaycanla oyuna çağırılmağa layiq idi”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

 

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisi ilə qarşılaşacaq. Onil həm bu, həm də ayın 2-də Yeni Zelandiya ilə keçiriləcək yoldaşlıq görüşü üçün heyəti açıqlayıb.

 

Təcrübəli mütəxəssisi ən çox hücum xəttindəki probemlər narahat edir. Belə ki, Ceymi Uord, Konor Vaşinqton və Uill Qriqq müxtəlif səbəblərdən komandada yer almayıblar. Əvəzində “Ross Kaunti”nin heyətində 16 qolla Şotlandiya Premyer Liqasının 3-cü bombardiri olan Liam Boys millimizlə qarşılaşmada iştirak edə bilər.

 

Onil yerli mətbuata açıqlamasında 26 yaşlı forvarddan qarşıdakı matçlarda çox şey gözlədiyini söyləyib: “Boys mövsümü yüksək səviyyədə keçirdi. Onun fiziki durumu da ürəyimcədi. Liam Şotlandiya çempionatının bombardirlərindən biri olaraq bunu sübuta yetirdi. Üstəlik, onun müxtəlif mövqelərdə oynamaq və diqqətləri üzərinə çəkmək bacarığı da var. Azərbaycanla prinsipial qarşılaşmada Boysun qolçuluq bacarığından yararlanmaq istəyirik. İnanıram ki, o, yaxşı formada olduğunu seçmə mərhələ matçında da göstərəcək”.

 

47 yaşlı mütəxəssis ilk dəfə yığmaya çağırılan 23 yaşlı hücumçu Şey Makkartanın isə təcrübə toplaması üçün bu dəvətə ehtiyacı olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya görüşü iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

0