[b]İslamiada: Sevinənlər, üzülənlər... - LAYİHƏ[/b]
02.06.2017 - 09:19
[b]İslamiada: Sevinənlər, üzülənlər... - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfə IV İslam Həmrəyliyi Oyunlarında medalların ölkələr üzrə bölgüsünə diqqət ayıracağıq. Bununla yanaşı, mayın 12-22-də Bakıda keçirilmiş yarışın təşkilatı işlərinə verilən dəyərə nəzər yetirəcəyik.

 

İslamiadada 5 gündən sonra ilk medallar

İslamiadanın rəsmi açılışı mayın 12-nə təsadüf etsə də, yarışlar 4 gün öncədən – ayın 8-də baş tutan futbol oyunları ilə start götürdü. Onun ardınca həndbolçular və voleybolçular da mübarizəyə qoşuldular. Lakin mükafatlar açılışdan sonra sahibini tapmağa başladı.

 

Mayın 13-də İslam Həmrəyliyi Oyunlarının ilk medal dəsti Bakı Atıcılıq Mərkəzində oynanıldı. Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi adını türkiyəli Ömər Akgün qazandı. O, Bakıdakı İslamiadanın ilk qalibi kimi tarixə düşdü. Azərbaycan yığması da ilk mükafatını bu növdə qazandı. Ruslan Lunyov kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında hamıdan sərrast oldu. 581 xal toplayan təmsilçimiz qızıl medala yiyələndi.

 

Qızıl gümüşdən artıq oldu

Ümumilikdə, İslam Həmrəyliyi Oyunlarında 268 dəst medal öz sahibini tapdı. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürüldü.

 

Qızılların sayının gümüşdən çox olmasına nadir hallarda təsadüf

edilsə də, bu 2 idmançının eyni nəticə göstərməsi səbibindən yaşandı. Belə ki, qadınların şüvüllə tullanma yarışında qalibi müəyyənləşdirmək mümkün olmadı. Türkiyəlilər Busə Arıkazan və Demet Parlak eyni nəticə göstərdilər. Onların hər ikisi 4,15 m tullanmağı ilk cəhddəcə bacardıqlarından heç biri üstünlük qazanmadı. Nəticədə hər iki idmançıya qızıl medal verildi və fəxri kürsüdə ikinci yerə qalxan olmadı.

 

Millimizin ilk zəfəri

886 medaldan 162-si Azərbaycan idmançılarının payına düşdü. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi oldu. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələndi. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi.

 

Azərbaycan millisi həm də İslamiadaların ənənəsini davam etdirdi. Səudiyyə Ərəbistanı 2005-ci, İndoneziya 2013-cü ildə təşkil etdiyi Oyunların qalibi olmuşdu. Lakin qızıl medal sayında həmin ölkələri də geridə qoyan Azərbaycan mütləq rekord müəyyənləşdirdi. 75 çempionluq yaşayan millimiz İslamiadalar tarixinin görünməmiş nəticəsinə imza atdı. Türkiyə millisinin qazandığı 195 medal da tarixə rekord kimi düşdü.

 

Ümumilikdə isə yığmamız 75 qızılla yanaşı, 50 gümüş və 37 bürünc medal sevinci də yaşadı. İkinci olan Türkiyə bizdən 4 qızıl az aldı. İlk “üçlüy”ü 98 mükafatla İran qapadı.

 

Döyüşməyi bacaran idmançılarımız

Yığmamızın birinci olmasında döyüş növlərinin rolu böyük oldu. Komandamızın hesabına ən çox medalı cüdoçular (paracüdo) yazdırdı. Bu siyahıda güləş ikincidi. Həmçinin taekvonda, boks, karate növləri də birinci olmağımıza töhfəsini verdi. Medal sayında üçüncü olan növümüz atletikadı (paraatletika).

 

İslamiadada komanda idman növlərində də yetərincə medal qazandıq. Basketbolçular, voleybolçular və futbolçular mübarizələrini mükafatla başa vurdular. Həndbol yığmamız isə 2 medaldan birinə sevinə bildi.

 

İdmançılarımız yalnız su polosu və tennisdə medalsız qaldılar.

 

“Onlardan Tokio-2020-də medal gözləyirəm”

Milli Olimpiya Komitəsinin, eyni zamanda, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə yarışa böyük heyətlə qatılan yığmamızın çıxışını yüksək qiymətləndirib. O, millimizin Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da böyük uğura imza atdığını vurğulayıb: “Biz deyirik ki, 162 medal qazanmışıq. Amma mükafatlarımızın sayı bəlkə də 250-di. Çünki bizim həndbol, voleybol, basketbol və futbol komandalarımız da medal qazandılar. Komandamızın 70 faizdən çoxu İslamiadanın mükafatçısıdı. Rioda hər 3 idmançımızdan biri medal qazanmışdısa, burda ondan da yüksək nəticə əldə etdik. Biz təkbətək idman növlərində uğurlara öyrəşmişik. Demək olar ki, İslamiadada bütün növlərdə medal qazandıq. Bu Azərbaycanda idmanın hərtərəfli inkişafının bariz nümunəsidi”.

 

Hüseynzadə əsasən veteran idmançılardan qələbə gözlədiyini də gizlətməyib: “Rəfael Ağayev, Elxan Məmmədovun qələbə qazanmağı məni çox sevindirdi. Eyni zamanda, gənclərin qalib gəlməsi də yerinə düşdü. Mən Azərbaycan Atletika Federasiyasının prezidenti kimi Nazim Babayevlə Anna Skidanın nəticəsini xüsusi vurğulayardım. Ümid edirəm ki, onlar Tokio-2020-də medalçılar sırasında olacaqlar. Ruslan Lunyovun nəticəsi uğurludu. Futbolçularımızın, basketbolçularımızın, kişi voleybolçularımızın, həndbolçularımızın və suyatullananlarımızın çıxışı alqışalayiqdi”.

 

Bakı-2017-də himni səslənənlər

Azərbaycan, Türkiyə və İranla yanaşı, 26 ölkənin idmançıları İslamiadanı çempion kimi başa vurdular. Özbəkistan (15) və Bəhreyn (12) qızıl medal sayında 10-u arxada qoya bildi. Digər himni səslənən ölkələr daha az uğur əldə etdilər. 8 yığma isə İslamiadanı cəmi 1 çempionluqla başa vurdu.

 

Ən çox ikinci və üçüncü yerdə qərarlaşan Türkiyə oldu. Onlar 67 gümüş və 57 bürünclə həmin əyarlar üzrə rekord müəyyənləşdirdilər.

 

40 xoşbəxt

İslam Həmrəyliyi Oyunlarına qatılan 54 ölkədən 40-ı Bakıdan medalla qayıtmağı bacardı. İlk 3 pillədə qərarlaşan ölkələrdən başqa, Özbəkistan (63), İndoneziya (58) və Əlcəzair (40) də mükafat sayına görə fərqləndilər. Çempionluq yaşamayan ölkələr arasında Pakistanın 12 medal qazanması diqqət çəkir.

 

3 komanda yalnız 1 mükafata yiyələndi. Afrika təmsilçiləri Mali və Uqandanın yeganə qazancı gümüş oldu. Livan isə geriyə bürünclə döndü.

 

Uğursuzlar

Yarışa qatılan 14 ölkənin komandası Bakıdan əliboş qayıtdı. Bunlar sırasında Avropa təmsilçisi Albaniya da var. Digərləri əsasən Afrika və Asiyanın o qədər də idman ölkəsi kimi tanınmayan təmsilçiləridi. Bruney Darüssəlam, Burkina-Faso, Çad, Komor adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Fələstin, Syerra-Leone, Somali və Toqo uğursuz yığmaları təşkil etdilər.

 

IV İslam Həmrəyliyi Oyunlarında medal qazanan ölkələrin tam siyahısı

 

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Azərbaycan

75

50

37

162

2

Türkiyə

71

67

57

195

3

İran

39

26

33

98

4

Özbəkistan

15

17

31

63

5

Bəhreyn

12

5

4

21

6

Əlcəzair

7

12

21

40

7

Mərakeş

7

5

15

27

8

İndoneziya

6

29

23

58

9

Misir

6

5

7

18

10

Qırğızıstan

4

5

8

17

11

Səudiyyə Ərəbistanı

4

1

6

11

12

İordaniya

3

1

11

15

13

İraq

2

7

5

14

14

Qazaxıstan

2

5

12

19

15

Türkmənistan

2

4

7

13

16

Qətər

2

3

7

12

17

Nigeriya

2

3

1

6

18

Suriya

2

2

6

10

19

Tunis

1

3

8

12

20

Kamerun

1

2

6

9

21-22

Banqladeş

1

1

1

3

 

Seneqal

1

1

1

3

23

Qambiya

1

1

0

2

24-26

Benin

1

0

1

2

 

Qvineya-Bisau

1

0

1

2

 

Mozambik

1

0

1

2

27

Pakistan

0

3

9

12

28

Oman

0

3

4

7

29

Birləşmiş Ərəb Əmirliyi

0

1

3

4

30-31

Qayana

0

1

2

3

 

Surinam

0

1

2

3

32

Cibuti

0

1

1

2

33-34

Mali

0

1

0

1

 

Uqanda

0

1

0

1

35

Əfqanıstan

0

0

6

6

36-37

Fil Dişi Sahili

0

0

4

4

 

Tacikistan

0

0

4

4

38-39

Malayziya

0

0

2

2

 

Yəmən

0

0

2

2

40

Livan

0

0

1

1

Cəmi

 

269

267

350

886

 

 

Olimpiadanı kölgədə qoyan yarış

İslam Həmrəyliyi Oyunları həm də təşkilatçılığı ilə diqqətləri özünə cəlb etdi. Ölkəmiz Avropa Oyunlarının ardınca bu yarışı da uğurla başa vurdu. Hətta İslamiadanın yekununa həsr olunmuş mətbuat konfransında yarış Rio Yay Olimpiya Oyunları ilə müqayisədə üstün hesab edildi.

 

Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, İslamiada ölkəmiz üçün çox uğurlu alındı: “Bu gün qələbəni qeyd edirik. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançıları qəbul edərkən vurğuladı ki, Rio-2016-da qazandığımız nəticə bu dəfə də öz əksini tapdı. Komandamız Olimpiadada olduğu kimi islam ölkələri arasında birinci oldu. Bakıya gələn 54 ölkənin 70 faizi fəxri kürsüyə yüksəldi. 2 il ərzində planlaşdırılan işlərimiz bütün sahədə uğurla həyata keçdi. Bunu təhlükəsizlik, nəqliyyata aid etmək olar. 16 idman obyektində və yayımda hansısa çətinlik yaşanmadı. Qürurla deyərdik ki, Bakıda baş tutan İslamiada Rioda keçirilən Yay Olimpiya Oyunlarından daha yüksək səviyyədə təşkil olundu. Biz istənilən böyük yarışı uğurla keçirmək gücünə malikik. Bütün komanda hər şeyi yüksək səviyyədə bacardı. Bizlə birgə könüllülər və 1500-dək işçi çalışdı. Onlarla vidalaşmağa belə çətinlik çəkirik”.

 

Rəhimov satışa çıxarılan 500 min biletdən 360 mininin satıldığını da dilə gətirdi: “Təxminən 2,5-3 milyon manatlıq bilet satıldı. Ümumilikdə Azərbaycana 59 ölkədən tamaşaçı gəldi”.

 

İslamiada üçün Dahruq qiyməti

İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq da təşkilatçılıqdan razı qaldığını gizlətmədi. Azərbaycana, İslamiadanın Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya xüsusi təşəkkür edən qonaq Bakının yarışı çox yüksək səviyyədə keçirdiyini qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan böyük idman yarışlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil etməyə qadir ölkədi: “Təbii ki, burda da kiçik problemlər oldu. Amma bu yüksək təşkilatçılığa kölgə salmadı. Burda Beynəlxalq Olimpiya Komitəsinin üzvləri də vardı. Deyərdim ki, təşkilatçılıq Riodan çox yaxşı oldu”. 

 

Beləliklə, Azərbaycan son 3 ildə 3-cü möhtəşəm yarışı da uğurla başa vurdu. Paytaxtımız 2015-ci ildə Avropa Oyunları, bir il sonra Şahmat Olimpiadası və bu il İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etdi. Növbədə isə qadın voleybolçular arasında Avropa çempionatıdı. Bu yarışa ölkəmizlə yanaşı, Gürcüstan da ev sahibliyi edəcək.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0