[b]İslamiada: Uğur gətirən və gətirməyən növlər - LAYİHƏ[/b]
03.06.2017 - 11:05
[b]İslamiada: Uğur gətirən və gətirməyən növlər - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfə IV İslam Həmrəyliyi Oyunlarında yığmamıza medal qazandıran idman növlərini nəzərdən keçirəcəyik. Mayın 12-22-də Bakıda təşkil olunmuş yarışda 162 mükafatın pay sahiblərinə diqqət ayıracağıq.

 

24-dən 23-ü

İslamiadanın qalibi olmağımızda ən böyük pay sahibi güləşçilərimizdi. 8 sərbəst, 8 yunan-Roma və 8 qadın pəhləvanla qatıldığımız yarışda xalçadan 23 medalla ayrılmağı bacardıq. 100 faizlik nəticə göstərməyə yalnız Rio Yay Olimpiya Oyunlarının bürünc medalçısı Cəbrayıl Həsənov (74 kq) mane olub. Sərbəst güləşçimiz gözlənilmədən məşqçilərini məyus edib. Digər idmançılarımızın hamısı minimum vəzifənin öhdəsindən gələrək, fəxri kürsüyə yüksəliblər. Onlardan 5-i final mübarizəsindən kənar qalıbsa, həlledici qarşılaşmalarda 18 idmançımız qüvvəsini sınayıb. Bu güləşçilərdən 12-si İslam Həmrəyliyi Oyunlarında himnimizi səsləndirib.

 

Maraqlıdı ki, güləşçilərimizin 12 qızıl medalı 3 komanda arasında bərabər bölünüb. Yəni həm qadınlar, həm klassiklər, həm də sərbəstlər 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan başqa, 3 gümüş və 1 bürünc medalı olan xanım güləşçilərimiz digər komandaları geridə qoymağı bacarıblar. Aktivinə 2 gümüş və 1 bürünc medal da əlavə edən sərbəst güləş yığmamız klassikləri geridə qoyub. Sonuncular qızıllarla yanaşı, 1 ikincilik, 3 üçüncülük də qazanıblar.

 

N1 – cüdo

İslamiada çərçivəsində cüdoçular 16, paracüdoçular 6 dəst medallar uğrunda mübarizə aparıb ki, Azərbaycan millisi bu 22 çəki dərəcəsində 26 mükafat qazanmağı bacarıb. Bu da yığmamızın heyətində ən çox medal qazanılan növ kimi tarixə düşüb.

 

Tatami ustalarımız yalnız qızıl medalların sayında güləşçilərə uduzub. Əvəzində pəhləvanların ümumi medal sayı qədər final həyəcanı yaşayıblar. Bu idman növündə 11 qızıl, 12 gümüşlə yanaşı, 3 bürünc də əldə olunub.

 

26 medaldan 15-i cüdo, 11-i paracüdoda qazanılıb. Cüdoçularımız 16 çəki dərəcəsindən 15-də finala yüksəlib. Onların qazancı 7 qızıl, 8 gümüş olub. Komanda yarışlarına kişilərdən ibarət yığmamız çempion, xanım idmançılarımız isə ikinci yerdə qərarlaşıblar.

 

Paracüdoda 6 çəki dərəcəsindən 3-də Azərbaycan finalı yaşanıb. Ümumilikdə isə bu komandamız 4 qızıl, 4 gümüş və 3 bürünc medala seviniblər.

 

Paraatletikanın hesabına əldə olunan uğur

İdmançılarımızın nadir uğurları ilə fərqləndiyi atletika bu dəfə qazandığı medallarla adından söz etdirib. 54 medal dəsti uğrunda mübarizə aparan təmsilçilərimiz 18 mükafat əldə ediblər. 10 dəfə çempionluq sevinci yaşayan atletlərimiz gümüş və bürünc üçün fəxri kürsüyə 4 dəfə qalxıblar. Lakin Bakı Olimpiya Stadionunda keçirilən yarışların böyük hissəsi paraatletika yığmamızın payına düşüb.

 

40 medal dəstinin oynanıldığı atletikada 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə olunub. Paraatletikada isə 14 növdə 13 mükafata sevinmişik: 8 qızıl, 2 gümüş və 3 bürünc.

 

Taekvondoçularımız yenə zirvədə

Avropa Oyunlarında olduğu kimi, bu dəfə də taekvondo yığmamız komanda hesabında hamını qabaqlayıb. İslamiadada 16 çəki dərəcəsindən 12-də təmsil olunan millimiz yarışı 9 medalla başa vurub. İdmançılarımızın yarısı bütün rəqiblərini məğlub ediblər. 2 taekvondoçumuz finalda uduzmaqla ikinci yeri tutubsa, 1 idmançımız bürünc medalla kifayətlənib. Kişi taekvondoçularımızın daha uğurlu çıxış etməsi də qeyd olunmalıdı. Onlar 4 qızıl, 1 gümüş və 1 bürünc mükafata sahib olublar. Xanımlar isə 2 çempionluq sevinci yaşamaqla bərabər, 1 gümüş medala yiyələniblər.

 

Boksçularımızdan islam dünyasında rəqib tanımadılar

Kişilərdən ibarət boks yığmamız da 2 il əvvəlki uğurunu təkrarlayıb. Yumruq ustalarımız Bakı-2015-də olduğu kimi İslamiadada da komanda hesabında rəqiblərini üstələyiblər. Boksçularımız turniri 3 qızıl, 3 gümüş və 1 bürünc medalla tamamlayıblar. 10 idmançımızdan 7-sinin fəxri kürsüyə qalxması isə yığmamızı həm medalların əyarı, həm də sayına görə birinci edib.

 

Karate yığmamızdan 10 medal

Qatıldığı istənilən yarışda qələbələri ilə azarkeşlərini sevindirən karateçilərin İslamiadadakı uğurunu təəccüblü adlandırmaq olmaz. Yarışın favoriti olan yığmamız bu dəfə də böyük üstünlüklə rəqiblərini geridə qoyub. 12 çəki dərəcəsindən 10-da “üçlüy”ə düşən komandamız ümumi medal sayında Türkiyədən (11 medal) geri qalsa da, çempionluqda “ay-ulduzlular”a nümunə olub. Təmsilçilərimiz 5 qızıl, 2 gümüş və 3 bürünc əldə ediblər. Medalların yarısını kişilər, yarısını qadınlar qazanıblar. Kişi idmançılarımız 3 qızıl, 2 bürüncə yiyələniblərsə, xanımlarımız 2 qızıl, 2 gümüş və 1 bürüncə seviniblər.

 

Aşkar üstünlük

Gimnastlarımız da öz uğurları ilə azarkeşlərinə sevinc bəxş edib. Onlar yarışların proqramına ilk dəfə salınan bu növdə rəqib tanımayıb. İdmançılarımız 17 qızılın yarıdan çoxunu – 9-nu Bakıda saxlayıblar. 7 gümüş və 4 bürünc medala da sahib çıxan təmsilçilərimiz ümumilikdə 20 dəfə bayrağımızı dalğalandırıblar. Bu medallardan 8-i bədii gimnastikada əldə olunub. Ecazkar xanımlarımız biri komanda hesabında olmaqla, 4 çempionluq yaşayıblar. Onların hesabında daha 2 gümüş və 2 bürünc medal var.

 

İdman gimnastlarımıza gəlincə, burda kişilər daha yaxşı çıxış ediblər. Onlar 3 qızıl, 2 gümüş və 1 bürünə seviniblər. Qadınların idman gimnastikasında isə payımıza 2 çempionluq, 3 ikincilik və 1 üçüncülük düşüb. Bu növ üzrə yarışda kişilərdən ibarət yığmamız komanda hesabında ikinci, qadınlar birinci olublar.

 

Hovuzda 12 medal

Heç vaxt su idman növlərindəki qələbələri ilə sevinməyən yığmamız İslam Həmrəyliyi Oyunlarında kifayət qədər yaxşı çıxış edə bildi. Xüsusilə də bu, suyatullananlara aiddi. İlk baxışdan bizim üçün yad görünən bu idman növündə təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə etdilər. Hər 2 çempionluq xanımların mübarizəsinə təsadüf etdisə, kişi idmançılarımız nisbətən aşağı əyarlı medalla kifayətləndilər.

 

Üzgüçülükdə isə ölkəmizə 6 mükafat qazanıldı. Bunlardan 4-ü kişilərin yarışında əldə olunan qızıl medallar olub. 2 bürünc mükafat isə xanımların estafet yarışlarına təsadüf edib.

 

Snayperlərimiz hamıdan sərrastdı

Güllə və stend atıcıları Bakı-2017-də 19 medal dəst uğrunda mübarizə aparıb. Snayperlərimiz bu mübarizədə rəqiblərindən daha sərrast olublar. Onlar ümumilikdə 10 dəfə bayrağımızı yüksəklərə qaldırıblar. Medallarımızdan 6-sı qızıl, 3-ü gümüş və 1-i bürüncdü.

 

1 qızıl və 3 gümüş mükafat stendi nişan almaqda əldə olunubsa, digərləri güllə atıcılarımızın hesabındadı. Yığmamız ümumi komanda yarışında hamıdan öndə qərarlaşıb.

 

4 növdə 21 medal

Ağırlıqqaldıranlarımız, stolüstü tennisçilərimiz, uşu və zorxana ustalarımız da İslamiadada uğur qazana bilib. Düzdü, yığmalarımızdan heç biri komanda hesabında ən yaxşı olmayıb. Lakin onlar millimizin ümumi medal sayına öz töhfələrini veriblər. Zorxanada 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmışıqsa, uşuda 3 gümüş və 3 bürünclə turniri başa vurmuşuq. Ağırlıqqaldıranlarımız isə bir dəfə himnimizi səsləndirib, 3 dəfə fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Stolüstü tennisçilərimiz də Oyunlardan əliboş ayrılmayıblar. Onların qazancı 2 gümüş və 2 bürünc medal olub.

 

8 komanda növündə 6 medal

İslamiada komanda idman növlərində əldə olunan nailiyyətlərlə də diqqəti çəkib. Basketbolun 3X3 növündə həm kişi, həm də qadınlardan ibarət millimiz hamıdan güclü olublar. Voleybolda da 2 medal əldə etmişik ki, burda çempion olan qadınlardan fərqli, kişilər finalda uduzublar.

 

Xanım həndbolçular, həmçinin kişi futbolçular yarışda rəqib tanımayıblar. Kişi həndbolçular və su poloçular istisna olmaqla, 8 komanda növündə 6 medal əldə etmişik. Bunlardan 5-i qızıl, 1-i gümüş olub.

 

Ümumiyyətlə, 21 növdən yalnız ikisində mükafata yiyələnə bilməmişik. Su poloçuları ilə yanaşı, tennisçilərimiz də İslamiadada fərqlənə bilməyiblər.

 

 

Növ

Qızıl

Gümüş

Bürünc

Cəmi

Güləş

12

6

5

23

Cüdo/paracüdo

11

12

3

26

Atletika/paraatletika

10

4

4

18

Atıcılıq

6

3

1

10

Taekvondo

6

2

1

9

İdman gimnastikası

5

5

2

11

Karate

5

2

3

10

Bədii gimnastika

4

2

2

9

Üzgüçülük

4

0

2

6

Boks

3

3

1

7

Suyatullanma

2

2

2

6

Basketbol

2

0

0

2

Zorxana

1

3

3

7

Voleybol

1

1

0

2

Ağır atletika

1

0

3

4

Futbol

1

0

0

1

Həndbol

1

0

0

1

Uşu

0

3

3

6

Stolüstü tennis

0

2

2

4

Su polosu

0

0

0

0

Tennis

0

0

0

0

Cəmi

75

50

37

162

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0