Avropa çempionatında Azərbaycanın 18 şahmatçısı mübarizə aparacaq
15.04.2008 - 11:34
Avropa çempionatında Azərbaycanın 18 şahmatçısı mübarizə aparacaq
Bakı. Kənan Həsənov-APA-Sport. Aprelin 21-də Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə şəxsi Avropa çempionatı start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 9-cu dəfə təşkil olunacaq bu nüfuzlu yarışda 18 həmyerlimizin iştirak edəcəyi rəsmiləşib. Kişilərin birinciliyində ölkə çempionatının mükafatçıları, Rauf Məmmədov, Rəsul İbrahimov və Nicat Məmmədovla yanaşı, Namiq Quliyev, Fərhad Tahirov, Qədir Hüseynov, Eltac Səfərli, Loğman Quliyev, Cahangir Ağarəhimov və Nicat Abbasov mübarizə aparacaq. 332 iştirakçının yarışında birinci yerin sahibi 15000 avro qazanacaq. Qadınlar arasında ölkə çempionatında ilk üç pillədə qərarlaşan Zeynəb Məmmədyarova, Nərmin Kazımova, Xəyalə İsgəndərova, həmçinin İlahə Qədimova, Gülnar Məmmədova, Afaq Xudaverdiyeva, Nərgiz Umudova və Türkan Məmmədyarovanın oynayacağı dəqiqləşib. 165 xanım iti zəka sahibi arasında ən güclü 6000 avroya sahib çıxacaq. İsveçrə sistemi ilə keçiriləcək və 11 turu əhatə edəcək Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.
0