SİZİN REKLAM BURADA

“Qəbələ” artıq qrupa düşməyin yollarını bilir” - Nika Kvekveskiri

“Qəbələ”dən ayrılaraq, Qazaxıstanın “Tobol” klubuna keçən gürcüstanlı futbolçu Nika Kvekveskirinin apasport.az saytına müsahibəsi

 

- “Qəbələ”nin aparıcı oyunçularından biri olduğunuz üçün komandadan ayrılacağınız gözlənilmirdi...

- İki il Azərbaycanda oynadım. Həm özüm, həm də ailəm üçün ölkənizdə yaşamaq rahat idi, hər şey məni qane edirdi. Azərbaycanı və insanlarını sevirəm. Oranı ikinci evim sayıram. Gələcəkdə istər futbolçu, istərsə də qonaq kimi olsun, Azərbaycana qayıtmaqdan məmnun olaram. Dostlarım artıq indidən dəvət edirlər (gülür). O ki qaldı “Qəbələ”dən ayrılmağıma, bu, futbolda adi haldı. Başqa klubdan təklif alsam da, ilk növbədə, “Qəbələ” ilə danışıq apardım. Lakin şərtlərdə razılığa gələ bilmədik, nəticədə Qazaxıstandan gələn təklifi dəyərləndirdim. İndi karyeramda yeni mərhələ başlayacaq. “Qəbələ” ilə dost kimi ayrıldıq. Bu klubda çalışan insanlara böyük hörmətim var. Onlar mənə həmişə kömək ediblər. “Qəbələ”də hər şey peşəkar, yüksək səviyyədədi, komanda üçün hər cür şərait yaradılıb. Sadəcə, şərtlərdə anlaşa bilmədiyimiz üçün yollarımız ayrıldı.

 

- Ötən mövsümün sonunda adınız “Neftçi” ilə birgə hallanırdı. Həqiqətən, Azərbaycanda qalmaq variantınız var idi?

- “Neftçi”nin guya məni istədiyini eşitmişdim. Real olub-olmadığını bilmirəm. Şəxsən mənimlə əlaqə saxlayıb, konkret təklif irəli sürən olmadı. Azərbaycan klublarından yalnız “Qəbələ” ilə danışıq aparırdım, onunla da razılığa gələ bilmədik.

 

- “Qəbələ” xeyli sayda futbolçu ilə yolları ayırdı. Gedənlərin yerinə yeni oyunçular alınır. Necə düşünürsüz, heyətdəki dəyişikliklər Avropa Liqası öncəsi komandaya necə təsir göstərəcək? “Qəbələ” ardıcıl 3-cü dəfə turnirin qrup mərhələsinə vəsiqə əldə edə biləcəkmi?

- “Qəbələ” artıq təcrübəlidi. Komandanın özəyi qalıb. İndiki heyətdə yer alan futbolçulardan çoxu Avropa Liqasında oynayıb və yenidən qrup mərhələsinə düşməyin yollarını bilir. Ümid edirəm ki, “Qəbələ” növbəti dəfə bu uğuru təkrarlayacaq. Sabiq komandama ürəkdən azarkeşlik edəcəm. Təbii ki, ardıcıl 3-cü dəfə qrup mərhələsinə düşmək çətin olacaq. Onu da qeyd edim ki, “Qəbələ” ilk dəfə Avroliqanın qrup mərhələsinə tam fərqli heyətlə düşmüşdü. İkinci dəfə bu uğura imza atanda isə heyət yeni idi, onda mən də komandada yer alırdım. Heyətdəki dəyişikliklərin bu dəfə də “Qəbələ”yə mənfi təsir göstərməyəcəyini düşünürəm. Komanda yenidən toparlanıb, nəticə göstərməyi bacaracaq.

“Qəbələ”də Ozobiç və Stankoviç kimi güclü legionerlər var. Onlarla bir yerdə oynamışam, güclərinə bələdəm. “Qarabağ”da çıxış edən Almeyda, Miçel və Kintana da çox güclü futbolçulardı. Yerli oyunçulara gəlincə, “Qəbələ”də birlikdə çıxış etdiyim oyunçuların adlarını çəkmək istəyirəm. Araz Abdullayev, Cavid Hüseynov və Ruslan Qurbanovun böyük potensialı var. Onlar top-futbolçu ola bilərlər.

- Digər sabiq klubunuz “İnter”in Avropa Liqasındakı şansını necə dəyərləndirirsiz?

- “İnter”in üzvləri, sadəcə, qəhrəmandılar. Vaxtilə bu komandanın da formasını geyindiyimdən, “İnter”in problemlərini, hansı situasiyada oynadığını bilirəm. Bu mənada, həm futbolçuları, həm də baş məşqçi Zaur Svanadzeni qəhrəman sayıram. Komandanın uğur qazanmasında Svanadzenin rolu böyükdü. O, kollektivdəki müsbət atmosferi qoruyub saxlaya bilir. Çətinliklərə baxmayaraq, uşaqlara özlərini göstərmək üçün sona qədər şans verir. Futbolçulara da “əhsən” deyirəm və onlara uğurlar arzulayıram.

 

- Azərbaycan çempionatının ən güclü yerli və əcnəbi futbolçusu kimi hesab edirsiz?

- Konkret bir futbolçunu fərqləndirmək çətindi. Çünki kiminsə digərlərindən iki dəfə üstün olduğunu və başqalarının ona aşağıdan yuxarı baxdığını düşünmürəm. “Qəbələ”də Ozobiç və Stankoviç kimi güclü legionerlər var. Onlarla bir yerdə oynamışam, güclərinə bələdəm. “Qarabağ”da çıxış edən Almeyda, Miçel və Kintana da çox güclü futbolçulardı. Yerli oyunçulara gəlincə, “Qəbələ”də birlikdə çıxış etdiyim oyunçuların adlarını çəkmək istəyirəm. Araz Abdullayev, Cavid Hüseynov və Ruslan Qurbanovun böyük potensialı var. Onlar top-futbolçu ola bilərlər.

 

- “Tobol”dakı gələcəyinizi necə görürsüz? Komandaya uyğunlaşmaq çətin olmayacaq?

- Adaptasiya problemini tam keçmək üçün vaxta ehtiyac var. Bunun üçün oyun praktikası, komandaya alışmaq lazımdı. Mən Azərbaycanda xeyli təcrübə topladım. Ölkənizin futboluna uyğunlaşmaqda çətinlik çəkməmişdim. Ümid edirəm ki, Qazaxıstanda da bu sarıdan problemlə üzləşməyəcəm. Təbii ki, müəyyən çətinliklər ola bilər. Amma mən futbolçuyam və buna hazıram. Yeni komandaya keçəndə hər şeyə sıfırdan başlamalı olursan. Bu keçidin həm özüm, həm də “Tobol” üçün xeyirli olacağına ümid edirəm.

 

- “Tobol”a keçidiniz Gürcüstan yığmasındakı karyeranıza necə təsir edəcək?

- Bu kluba keçənə qədər milliyə artıq çağırılırdım. Odu ki, “Tobol”a transfer olunmağımın yığma karyerama təsir göstərəcəyini düşünmürəm. Hər şey özümdən asılıdı. Əgər formada, komandaya xeyir verəcək durumda olsam, məni milliyə çağıracaqlar.

 

- Azərbaycan və Gürcüstan yığmaları arasında hansı fərqlər var?

- Müqayisə aparmaq çətindi. Amma onu deyə bilərəm ki, Azərbaycan yığmasında böyük proqress var. Bu, komandanın qazandığı xallar və reytinq cədvəlindəki mövqeyində təsdiqini tapır. Millinizdə gənc futbolçu çoxdu və onlar yaxın gələcəkdə özlərini isbatlayacaqlar. Gürcüstan yığması da gənc, texnikalı futbolçulardan ibarətdi. Komanda oyunumuz yaxşıdı, amma hələ nəticə yoxdu. Futbolda isə əsas nəticədi və bunun üçün meydanda canını verməyə də hazır olmalısan. Yığmamızın gələcəyinin yaxşı olduğuna inanıram. Mənim arzum budu ki, Azərbaycan və Gürcüstan milliləri böyük turnirlərin birində eyni qrupda çıxış etsinlər. Həmin turnirin dünya və ya Avropa çempionatı olmasını istərdim.

 

Tengiz MƏMMƏDOV

 

 

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220