[b]Ən məşhur futbolçusu azərbaycanlı olan “Mladost”[/b]
19.06.2017 - 15:48
[b]Ən məşhur futbolçusu azərbaycanlı olan “Mladost”[/b]

“İnter” Avropa Liqasının I təsnifat mərhələsində “Mladost”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Serbiya klubunun 65 yaşı var.

 

Luçani şəhərini təmsil edən “Mladost” 1952-ci ildə yaranmasına baxmayaraq, ciddi bir uğuru yoxdu. Komanda Yuqoslaviya dağılmamışdan əvvəl bir dəfə - 1994-95 mövsümündə yüksək liqaya vəsiqə qazanıb.

 

2006-07 mövsümündə II divizionu qalib kimi tamamlayan “Mladost” cəmi 1 mövsüm elitada qala bilib və yenidən aşağı liqaya yuvarlanıb. 2008-ci ildən 2014-cü ilə qədər II divizionda mübarizə aparan bakılıların rəqibi 2013-14 mövsümündə yenidən yüksək liqaya adlayıb.

 

Əvvəlki iki mövsümdə müvafiq olaraq 7-ci və 9-cu pillələri tutan komanda ötən mövsüm 4-cü yerə sahib çıxaraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib.

 

Luçani təmsilçisini 2014-cü ildən yerli mütəxəssis Nenad Milovanoviç çalışdırır. Komanda ev oyunlarını 8000 tamaşaçı tutumuna malik “Mladost” stadionunda keçirir. Maraqlıdı ki, rəqibin formasını geyinmiş ən məşhur futbolçulardan biri Azərbaycan millisinin sabiq hücumçusu Murad Hüseynov hesab edilir.

 

Əsası yerli oyunçulardan təşkil olunan “Mladost”un heyətində Bosniya və Herseqovina, Monteneqro və Nigeriyadan futbolçular yer alır. Komanda bu yay bir neçə yeni transfer reallaşdırıb ki, onlar arasında Özbəkistan millisinin hücumçusu Husniddin Qafurov və qanalı forvard Bismark Appya da var.

0