[b]“Meydana ağ bayraqla çıxmayacağıq” - “Mladost”un baş məşqçisi[/b]
20.06.2017 - 10:34
[b]“Meydana ağ bayraqla çıxmayacağıq” - “Mladost”un baş məşqçisi[/b]

“Daha güclü və ya daha zəif komanda ilə də düşə bilərdik. Bizdən fərqli, “İnter”in bir neçə illik avrokubok təcrübəsi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mladost”un baş məşqçisi Nenad Milovanoviç deyib.

 

Serbiya çempionatında ötən mövsümü 4-cü pillədə başa vuran Luçani təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə qarşılaşacaq.

 

Bununla bağlı yerli mətbuata açıqlama verən Milovanoviç cütlüyü dəyərləndirib. 47 yaşlı mütəxəssis meydana qalibiyyət üçün çıxacaqlarını vurğulayıb: “Bizim üçün əsas məsələ keyfiyyətli futbol oynamaqdı. Əlbəttə ki, meydana ağ bayraqla çıxmayacağıq. Ən yaxşı oyunlarımızı göstərməyə və uğurlu nəticə əldə etməyə çalışacağıq. Rəqibdən qorxmuruq”.

 

Bununla belə, Milovanoviçi narahat edən məqamlar da var. Serbiyalı çalışdırıcı iki amilin onlara problem yarada biləcəyini etiraf edib: “İnter” oyunlarını süni örtüklü meydana keçirir. Ancaq bizim süni örtüklə elə də çox təmasımız olmayıb. Digər tərəfdən Azərbaycanla Serbiya arasında məsafə çox uzaqdı. Bu səbəbdən ən yaxşısı Bakıya təyyarə ilə getmək olacaq. Ümid edirəm ki, maliyyə durumumuz Azərbaycana çarter reysi ilə getməyimizə imkan yaradacaq”.

 

Milovanoviç “İnter”lə evdə keçirəcəkləri qarşılaşmanın Luçani şəhərini Avropaya tanıtmaq baxımından da önəmli olduğunu deyib: “Bunun üçün tribunalarda gözəl atmosfer yaratmaq lazımdı. Stadionu doldurmaq üçün əlimizdən gələni etməliyik. Avrokubok şəhərin çox xərc çəkmədən tanıtımı baxımından əla imkandı. Yaxın şəhərlərdə yaşayan vətəndaşlarımızın da stadiona gəlib bizi dəstəkləyəcəyinə ümid edirik”.

 

Qeyd edək ki, “İnter”lə “Mladost” arasında ilk oyun iyunun 29-da Serbiyada keçiriləcək. Cavab qarşılaşması isə bundan bir həftə sonra oynanılacaq.

0