[b]“Qarabağ” favorit olsa da, hər şey bizdən asılıdı” - MÜSAHİBƏ[/b]
20.06.2017 - 16:47
[b]“Qarabağ” favorit olsa da, hər şey bizdən asılıdı” - MÜSAHİBƏ[/b]

Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Gürcüstanın “Samtredia” klubunun yarımmüdafiəçisi Giuli Mancqaladzenin apasport.az saytına müsahibəsi

 

- ÇL-in II təsnifat mərhələsində “Qarabağ”la üz-üzə gələcəksiz. Püşk ürəyinizcə oldumu?

- Bəxtimizə çox yaxşı və təcrübəli rəqib düşdü. Püşkdən razıyam. Çünki “Qarabağ” kimi komandalara qarşı oynamaq həmişə xoşdu. Qalanı özümüzdən asılıdı (gülür).

 

- “Qarabağ”, ümumiyyətlə, Azərbaycan futbolu haqda hansı informasiyanız var?

- “Qarabağ” haqda onu bilirəm ki, bu komanda ötən il Avropa Liqasının qrup mərhələsində iştirak edib, özü də pis təsir bağışlamayıb. Rəqibin heyətində çox yaxşı legionerlərin olduğundan da xəbərdaram. Ümumilikdə, Azərbaycan futbolu son illərdə inkişaf edib. Bunu “Qarabağ” və “Qəbələ” kimi klubların imza atdığı nəticələr sübut edir.

 

- Yeri gəlmişkən, ötən il komandanız Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşmış və mübarizəni dayandırmalı olmuşdu. Hazırkı “Samtredia” həmin komandadan çox fərqlənir?

- Mən keçən il “Qəbələ” ilə oyunlarda da iştirak etmişdim. Təbii ki, həmin vaxtla müqayisədə komandada dəyişikliklər var. Onda “Samtredia”nın aparıcı futbolçusu olan 3-4 nəfər hazırda bizimlə birgə deyil. Buna baxmayaraq, yerlərinə yeni, yaxşı oyunçular gəlib və komandanı gücləndiriblər. Deyərdim ki, keçən illə müqayisədə “Samtredia” indi daha təcrübəli və güclü komandadı. Başqa nə kimi dəyişikliklərin olduğunu oyunlarda görəcəksiz.

 

- “Qarabağ”la ilk matçın Bakıda keçirilməsini sizin üçün üstünlük saymaq olarmı?

- Düzünə qalsa, bilmirəm. Bu barədə hərə bir fikirdədi. Kimisi ilk oyunun, kimisi cavab görüşünün evdə keçirilməsini istəyir. Hər halda, birinci qarşılaşmanın Gürcüstanda baş tutması daha ürəyimcə olardı.

 

- Komanda yoldaşınız Laşa Kasradze uzun müddət Azərbaycan çempionatında oynayıb. Yəqin ki, “Qarabağ”la qarşılaşacağınızı biləndə ilk olaraq, onu sorğu-suala tutdunuz...

- Bəli, Laşa “Qarabağ” haqda ətraflı informasiyaya malikdi, rəqibi yaxşı tanıyır. Qeyd etdiyiniz kimi, o, Azərbaycanda oynayıb və “Qarabağ”a qarşı matçlarda iştirak edib.

 

- Maraqlıdı, Kasradze sizə “Qarabağ” haqda nə deyir?

- Rəqibi tərifləyir. Deyir ki, “Qarabağ”ın heyətində fərdi cəhətdən güclü futbolçular toplaşıb.

 

- Əksəriyyət “Qarabağ”ın mərhələ adlamaq şansının daha çox olduğunu düşünür. Bununla razısızmı?

- “Qarabağ” favorit olsa da, hər şey bizdən asılıdı. Necə deyərlər, yaşayarıq, görərik (gülür). Biz hər matça yaxşı oyun göstərmək və qələbə qazanmaq üçün çıxırıq.

 

- Hər halda, son illərdə Azərbaycan klublarının Gürcüstan komandaları üzərində aşkar üstünlüyü var...

- Razıyam, bu, faktdı (yenə gülür). Əsas səbəblərdən biri maliyyədi.

 

- “Qarabağ”ın orta xəttində Qara Qarayev, Riçard Almeyda, Migel Madera və Dani Kintana kimi futbolçular yer alır. Bir yarımmüdafiəçi kimi, bu sizi narahat edirmi?

- Onların hər birini tanıyıram. Amma “Qarabağ”ın yarımmüdafiə xəttinin güclü olması məni narahat etmir. Əksinə, adlarını çəkdiyiniz futbolçulara qarşı oynamağı çox istəyirəm.

 

- Əslən gürcü olsanız da, Ukrayna vətəndaşısız və futbolçu kimi bu ölkədə yetişmisiz. Bir vaxtlar “Zarya” və “Poltava” kimi klublarda çıxış etdikdən sonra Gürcüstana yollanmağınıza səbəb nə oldu?

- Düz qeyd etdiniz, mən “Zarya”nın yetirməsiyəm. Bu, uzun mövzudu (gülür). Qısaca deyim ki, Ukraynada müharibə başlandı, vəziyyət birdən-birə dəyişdi. Üstəlik, baş məşqçi ilə münasibətim yaxşı deyildi. Buna görə də, Ukraynanı tərk etməyə qərar verdim.

 

Tengiz MƏMMƏDOV

0