[b]Xarkovda 5 boksçumuz lisenziya qazandı[/b]
21.06.2017 - 09:14
[b]Xarkovda 5 boksçumuz lisenziya qazandı[/b]

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb.

 

Millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Antoni Ceyms Uolkerlə (İrlandiya) üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Olimpiya mükafatçımız Emmet Brennanla (İrlandiya) döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayacaq.

 

Abdulqadir Abdullayev də Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finala gedən yolda Şott Antoni Forresti (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü Çeavan Klarka (İngiltərə) qarşı keçirəcək.

 

1/8 finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

 

Beləliklə, yığmamızın 5 üzvü mübarizəni sabah baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar həmçinin dünya çempionatında iştirak hüquqa da yiyələniblər.

 

Qeyd edək ki, Şahsuvarlı və Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular. Onlar 1/4 finalda müvafiq olaraq, Mateuş Polski (Polşa), Yevgeni Barabanov (Ukrayna) və Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcəklər.

0