[b]Svanadzenin “torba”sı hazırdı: Məmmədov baş məşqçi gəlir[/b]
21.06.2017 - 10:44
[b]Svanadzenin “torba”sı hazırdı: Məmmədov baş məşqçi gəlir[/b]

İyulun əvvəlində, uzağı bir aydan sonra Premyer Liqada yarışan komandalardan yalnız “Qəbələ”də əcnəbi məşqçi iş başında olacaq. İki əcnəbidən digəri – Zaur Svanadze əşyalarını yığıb, Gürcüstana gedəcək.

 

Svanadzenin “İnter”dən gediş tarixini avrokubok oyunlardakı nəticələr müəyyənləşdirəcək. Serbiya “Mladost”una məğlubiyyət və ya ikinci mərhələdə “ilişmək” onun üçün son olacaq. Hətta məhdud heyət və büdcə ilə 2 mərhələ adlamaq qəhrəmanlığını göstərsə də, büdrədiyi ilk andaca ona qapını göstərəcəklər.

 

“İnter”in Müşahidə Şurasına sədr gələn Zaur Axundov bu məşqçini heç sevmir. Sadəcə, ona güvənməyə məcburdu. O, futbolçuları ətrafında ailə kimi birləşdirə bilib. Svanadzenin qovulması faktiki komandanın da pərən-pərən düşməsi demək olar. Ona görə də Axundov hələlik səbr edir və istədiyi adamı baş məşqçi postuna oturtmaq üçün uyğun zamanı gözləyir.

 

Avrokubok öncəsi əhval-ruhiyyəni pozmamaq üçün dəyişikliyə getməyən “İnter”də dünənki təyinatlar təxminləri bir daha möhkəmlətdi. İlqar Hüseynov əvəzedici heyətin baş məşqçisi, Rüstəm Əliyev onun köməkçisi təyin olundu. Amma bu adlar heç nə demir, ən diqqətçəkən təyinat başqadı.

 

Ramiz Məmmədovun əvəzedici heyət üzrə koordinator (!) təyin edilməsi çox maraqlıdı. O, bütün aşağı yaş komandalarının deyil, yalnız əvəzedicilərin nəzarətçisi olacaq. Sanki klubun taleyi bu komandadan asılıdı və onun üçün xüsusi koordinator vəzifəsi “icad edilib”.

Görün “İnter”in taleyi kimlərə tapşırılıb? Axundov yəqin ki, bunun jurnalist təxəyyülünün məhsulu olduğunu iddia edəcək, amma plan reallaşanda bizim də ona deyəcək sözümüz olacaq. Çünki Zaur bəyin də indiyə qədərki “fəaliyyət”i ilə tanışıq, Məmmədovun da.

Beləliklə, Məmmədov “müvəqqəti gözləmə stansiyası”nda oturdulub. Əvəzedicilərə məşqçi təyin edilməməyi də göstərir ki, gələcəkdə gedişiylə bu komandanı başsız qoya biləcəyi riskindən yayınıblar, sadəcə, “koordinator” adıyla gözləməsini məsləhət biliblər.

 

 

“İnter” rəhbərliyini kimisə hansısa posta təyin etməsi ilə bağlı ittiham etmək olmaz. Amma bu təyinatın məhz indi – həm də anormal posta - edilməsi çox pisdi. Avrokubok matçları öncəsi Svanadzenin başı üzərindən asılan “Damokl qılıncı” ümumi işin ziyanına olacaq. Gürcü tükdən asılı taleyini bilə-bilə sizcə, nə qədər davam gətirəcək, komandanı motivasiya edəcək, özü işə necə köklənəcək?

 

Həm də “İnter” rəhbərliyinin “stavka” etdiyi bu adam kimdi? 2006-10-cu illərdə Toni Adamsın gəlişinədək “Qəbələ”nin baş məşqçisi olan Ramiz bəy 2012-ci ildə yenidən bu posta qayıtdı. Onun Fatih Kavlakın qovulması və yerinə keçməsi üçün nə hoqqalardan çıxdığı haqda “rəvayətlər” hamıya bəllidi. Lakin çox keçmədən onun nə oyunlardan çıxdığı FAKTLARLA rəhbərliyə sübut olundu və 6 aydan sonra onun yaradılmasında böyük rolu olduğu klubdan birdəfəlik qovulması reallaşdı.

 

“Qəbələ”dəki 2 dönəm arasında Qazaxıstan “Atırau”sunda uğursuz karyera yaşayan Məmmədov bu qədər bacarıqlı biri idisə, görəsən, 4 ildi niyə ona ehtiyac duyulmurdu? Eyni “torba əməliyyatı” üçün uyğun adam (Zaur Axundov), uyğun klub (əvvəlki əzəmətindən əlamət qalmayan “İnter”), uyğun “qurban” (sakit təbiətli Svanadze) var və Ramiz bəy “gözləmə stansiyasında” tezliklə həmin postu tutmaq üçün hər cür əmələ əl atacaq. Rəhbərlik də dəstək verincə, bu əməliyyat tez başa çatacaq.

 

Görün “İnter”in taleyi kimlərə tapşırılıb? Axundov yəqin ki, bunun jurnalist təxəyyülünün məhsulu olduğunu iddia edəcək, amma plan reallaşanda bizim də ona deyəcək sözümüz olacaq. Çünki Zaur bəyin də indiyə qədərki “fəaliyyət”i ilə tanışıq, Məmmədovun da.

 

Təəssüf ki, həm şura sədri Axundov, həm də icraçı direktor Rəmiş Malıyev çox pis oyuna qol qoyub. Xüsusilə, Rəmiş bəyin bu plana etiraz etməməyi təəssüf doğurur. Daim səmimiliyinə inandığımız Malıyev indi rəhbərinin əmrlərinə tabe olmaq zorundadı.

 

Svanadzenin ən pis vaxtlarda komandanı ayaqda saxlaması, pulsuz-parasız, heyəti gücləndirmək imkanı olmadan bürünc medal qazanması yaddan çıxıb. Bu dilsiz-ağızsız məşqçini göndərmək üçün belə iyrənc yola əl atılır. Bəlkə də təyinat alan bir başqası olsaydı, belə şübhələr yaranmazdı, lakin mücərrəd posta elə bir adam təyin edilib ki, fərqli nəsə düşünmək mümkün deyil.

 

Svanadzenin bundan sonra 2, möcüzə baş versə, 5-6 oyunluq Azərbaycan karyerası qalır. Sonrasını özünüz görəcəksiz… 

futbolinfo.az

0