[b]“Zirə” barədə məlumat toplamağa başlamışam” - rumıniyalı məşqçi[/b]
21.06.2017 - 13:06
[b]“Zirə” barədə məlumat toplamağa başlamışam” - rumıniyalı məşqçi[/b]

“Avropa Liqasında mümkün qədər irəliləməyə çalışacağıq. Düzdü, heyətlə bağlı bəzi problemlərimiz mövcuddu. Ancaq mən qısa müddətdə bunu yoluna qoyacağımıza inanıram”. Apasport.az saytının məlumatına görə, bunu "Astra” klubunun baş məşqçisi Eduard Yordanesku deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Rumıniya təmsilçisinin rəqibi I mərhələdəki “Zirə” – “Differdanj” cütünün qalibi olacaq. Yerli mətbuata fikirlərini bildirən Yordanesku avrokubok matçına qədər hazır olacaqlarına ümid edir: “Cəmi 3 həftə vaxtımız qalıb. Bu müddətdə tam hazır vəziyyətə gəlməyə və heyətə yeni oyunçular cəlb etməyə çalışacağıq. Əgər istədiyimiz oyunçuları ala bilsək, düşünürəm ki, hansısa problemlə üzləşməyəcəyik. Hazırda isə cəmi 16-17 oyunçu ilə məşq edirik. Onlardan yalnız 6-7-si ötən mövsüm əsas heyət üzvləri olub. Qalanları aşağı liqalarda oynamış gənc futbolçulardı. Uğurlu çıxış etmək və daha güclü kollektiv formalaşdırmaq üçün heyət mütləq gücləndirilməlidi”.

 

39 yaşlı mütəxəssis II təsnifat mərhələsindəki potensial rəqibləri haqda da danışıb. O, “Zirə”nin “Differdanj”la hər iki matçını izləyəcəyini vurğulayıb: “Avropa Liqasındakı potensial rəqiblərimiz “Zirə” və “Differdanj” barədə məlumatlar toplamağa başlamışam. Onların öz aralarındakı oyunları izlədikdən sonra rəqibimizi daha yaxından tanımış olacağıq. Bununla yanaşı, transfer siyasətimizdən də çox şey asılı olacaq. Əgər istədiyimiz oyunçuları yığa bilməsək, hətta oyun sistemini də dəyişə bilərəm. Ancaq istənilən halda pozitiv futbol oynayacağımıza söz verirəm”.

 

Qeyd edək ki, “Zirə” “Differdanj”la ilk oyununu iyunun 29-da evdə, cavab qarşılaşmasını isə bir həftə sonra Lüksemburqda keçirəcək.

0