Rəhbər dəyişikliyindən sonra nəinki əvvəlki əzəmətini itirən, hətta Azərbaycan çempionatının ən zəif bəndinə çevrilən “Neftçi” futbol arenasında kiçilməkdə davam edir. Bir vaxtlar ikinciliyin qəbul olunmadığı bu klubun ötən mövsüm 8 komanda arasında 7-ci yeri tutduğu üçün şükür etməsi vəziyyətin nə dərəcədə acınacaqlı olmasının bariz nümunəsidi.
Ən sadiq azarkeşlərini belə küsdürən, komandadan üz döndərməyə vadar edən bakılıların yay fasiləsində bataqlıqdan çıxacağını gözləyənlərin ümidi də yavaş-yavaş puç olmaqdadı. Ancaq rəhbərlik baş məşqçi Elxan Abdullayevlə əl-ələ verib, ən köklü klubu hər kəsin qapazaltısına çevirməkdə davam edir. Ötən mövsümdəki rüsvayçı nəticələrin fonunda rəhbərliyin bir nəticə çıxaracağı, antirekorda imza atan, azarkeşlərlə dialoq qura bilməyən məşqçini yola salacağı gözlənilirdi. Lakin Müşahidə Şurası sanki hər kəsin acığına Abdullayevlə yeni 3 illik müqavilə imzalandığını bəyan etdi.
Bununla kifayətlənməyən Çingiz Abdullayevin rəhbərlik etdiyi briqada oyunçu transferlərində də azarkeşləri üzməklə məşğuldu. Onsuz da, acınacaqlı durumda olan komanda 10-dan çox futbolçu ilə artıq vidalaşıb. Onlar arasında Cavid İmamverdiyev, Zdenek Folprext kimi aparıcı simalar da var. Bəs bunun fonunda “Neftçi” kimlərlə güclənib?
Bir normal transfer edilib ki, onda da qəribə vəziyyət yaranıb. Səlahət Ağayev “İnter”dən alınsa da, bu komanda avrokuboklarda yoluna davam edəcəyi təqdirdə, yalnız mövsüm öncəsi yeni komandasına qoşulacaq. “Qəbələ”nin lazımsız bildiyi Məhəmməd Mirzəbəyovla müdafiəsini “gücləndirən” bakılıların digər “möhtəşəm” transferləri də I divizion səviyyəsində olan Elnur Cəfərovla Rəşad Əzizlidi.
Belə görünür ki, əvvəllər hamının can atdığı “Neftçi” indi yalnız heç kimə lazım olmayanlara “ağ-qara” formanı geyindirmək iqtidarındadı. Mümkün keçidlər arasında olan Arif Daşdəmirovla Ürfan Abbasov da eyni kateqoriyaya aid oyunçulardı.
Ancaq bu da son deyil. Paytaxt klubunun növbəti hədəfi Azərbaycan futboluna “sırınan” Eddi İsrafilovdu. İspaniya La Liqasında çıxış edən futbolçu kimi millimizə “calaq” edilən həmin Eddi indi ikinci liqa komandasında heç ehtiyata da düşə bilmir. “Kadiz”in qovmaq üçün bəhanə axtarmasına ehtiyac qalmadığı yarımmüdafiəçi İspaniyada qalmaq limitini çoxdan doldurub. Axı bundan sonra kim onu komandasında görmək istəyər? Bir variant qalır, o da “Neftçi”. Çünki lazımsızları yığmaqla məşğul olan komandanın bu strategiyasına ən uyğun futbolçu elə Eddidi.
“Neftçi” rəhbərliyi indi Elxan Abdullayevin bu keçid üçün yekun cavabını gözləyir. O, razılıq versə, “bomba partlayacaq”. Yəqin ki, Rəşad Əzizliyə, Elnur Cəfərova razılıq verən məşqçi Eddidən də imtina etməz. Bir sözlə, İsrafilov “Neftçi”ni uçuruma sürükləyən rəhbərliyin və baş məşqçinin əsl hədəfinə uyğun futbolçudu.