[b]“Barselona” Dembele ilə anlaşdı[/b]
22.06.2017 - 15:39
[b]“Barselona” Dembele ilə anlaşdı[/b]

“Barselona”nın maraq dairəsində olan Osman Dembele İspaniyaya köçməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Dortmund “Borussiya”sının hücumçusu kataloniyalılarla danışıqları yekunlaşdırıb.

 

Əvvəlcə PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin ilkin razılığını alan “Barsa” Dembele ilə də ortaq məxrəcə gəlib. 20 yaşlı oyunçu danışıqların yekununda 5 illik müqavilə təklifini qəbul edib. Fransa millisinin üzvü “Barselona”dan ötən il də təklif almış, lakin həmin vaxt inkişaf etmək üçün “Borussiya”nı seçmişdi. Futbolçu artıq Kataloniya komandasında əsas heyətə düşəcəyini düşünür.

 

İndi qalır iki klubun məbləğdə anlaşması. Bundesliqa təmsilçisi son olaraq futbolçusunun qiymətinin 90 milyon avro olduğunu bəyan etmişdi. İspaniya nəhəngi isə bu pulu vermək fikrindən uzaqdı. “Barsa” son olaraq qarşı tərəfə 50 milyonu nəğd və 20 milyonu bonus olmaqla, ümumilikdə 70 milyon avro təklif edib.

 

Yeni baş məşqçi Ernesto Valverde yeni mövsümdən hücumda Neymar-Suares-Dembele “trio”suna şans verməyi, Lionel Messini isə onların arxasında oynatmağı planlaşdırır.

 

Qeyd edək ki, ötən ilin yayında “Renn”dən 15 milyon avroya transfer edilən Osman Dembele geridə qalan mövsümdə “Borussiya”nın heyətində keçirdiyi 49 matçda 10 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb. 12 assistlə Bundesliqanın ən çox qol ötürməsi verən hücumçu 2016-17 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

0