[b]“Azarkeşlərə söz verdik ki...” – Elxan Abdullayev[/b]
22.06.2017 - 16:42
[b]“Azarkeşlərə söz verdik ki...” – Elxan Abdullayev[/b]

“Avrokuboklarla bağlı proqnoz vermək çətindi. Ancaq bizim komandalarımızın rəqiblərindən güclü olduqlarını düşünürəm”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Abdullayev 2017-18 mövsümündə avrokuboklarda Azərbaycanı təmsil edəcək “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə”nin şanslarını qısaca dəyərləndirib. Onun fikrincə, adıçəkilən klubların hər biri ilk mərhələ səddini aşacaq: “Komandalarımızın hər birinə uğurlar arzulayıram. Bizim klubları rəqiblərindən güclü sayıram. İnanıram ki, həm “Qarabağ”, həm “Qəbələ”, həm “İnter”, həm də “Zirə” avrokuboklarda ilk mərhələni rahat keçəcəklər”.

 

47 yaşlı mütəxəssis bu yaxınlarda “Forza Neftçi” fan-klubu ilə keçirilən görüşün təfərrüatları barədə də danışıb. O, iftar süfrəsi arxasında bir araya gəldikləri fanatlarla səmərəli söhbətlər aparıldığını vurğulayıb: “Görüşdə azarkeşlər öz suallarını bizə verdilər. Müsbət ab-havada maraqlı söhbətlər oldu. Uzun dialoqun sonunda bir qərara gəldik ki, birlik yaratmaq, “Neftçi”ni yüksəklərə qaldırmaq lazımdı. Azarkeşlər komandanı sona qədər dəstəkləyəcəklərinə söz verdilər. Həmçinin biz də öz adımızdan söz verdik ki, qarşımıza yüksək hədəflər qoyacağıq və onları sevindirməyə çalışacağıq. Bizim hədəfimiz də avrokuboklara vəsiqə qazanmaq olacaq. İnanıram ki, bunu bacaracağıq”.

 

Qeyd edək ki, yeni mövsümdə “Qarabağ” Çempionlar Liqasında, “Qəbələ”, “İnter” və “Zirə” isə Avropa Liqasında ölkəmizi təmsil edəcək.

0