[b]“Fənərbaxça”nın futbolçusu 8 illik həyat yoldaşına toy etdi[/b]
22.06.2017 - 17:38
[b]“Fənərbaxça”nın futbolçusu 8 illik həyat yoldaşına toy etdi[/b]

“Fənərbaxça”nın hücumçusu Fernandao maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu həyat yoldaşı ilə özünə toy mərasimi təşkil edib.

 

19 yaşında futbola başlayan, 21 yaşında isə ilk peşəkar müqaviləsini bağlayan “sambaçı”nı bu addımı atmağa vaxtilə çətin günlər keçirməsi vadar edib. Belə ki, gənc yaşlarında maddi vəziyyəti yaxşı olmayan Fernandao 8 il əvvəl ailə həyatı qurduğu Dayana Santanaya gəlinlik paltarı geyindirə bilməyib.

 

30 yaşlı forvardın xanımı ilə bəy və gəlin paltarında çəkilmiş şəkillərini instaqramda paylaşması çoxunun təəccübünə səbəb olub. Buna aydınlıq gətirən Fernandao hazırda maddi durumu yaxşı olduğu üçün həm həyat yoldaşının, həm də özünün arzusunu reallaşdırdığını bildirib.

 

Cütlüyün toy mərasimi 4 gün öncə ölkələri Braziliyada baş tutub. Beləliklə, Fernandao və Dayana həm nigah təzələyib, həm də xəyal etdikləri toyu keçiriblər.

 

Qeyd edək ki, 2015-ci ildən “Fənərbaxça”nın formasını geyinən Fernandao İstanbul klubunda ilinə 1,6 milyon avro qazanır. 

0